📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Çukur" serialının aktyoru Azərbaycanda futbol klubu yaratdı - MÜSAHİBƏ

2021-09-07 17:06:00

Polad Haşımov adı Azərbaycan üçün müqəddəsdi.

Generalımız 2020-ci ilin iyul hadisələri zamanı mənfur düşmən gülləsinə qurban gedərək şəhid olub. Azərbaycanlı olan, qəlbində vətən sevgisi daşıyan hər kəs bu adı sevir, ehtiramla xatırlayır, onun ruhu qarşısında baş əyir. Generalın adının yaşaması üçün azərbaycanlı aktyor Nihad Ələsgərov gözəl bir addım atıb. “Çukur” serialında çəkilən həmyerlimiz “Polad Haşımov” futbol klubu yaradıb. Bakıdakı məktəblərin birinin stadionunu özlərinə məskən seçən Nihad bəy böyük layihələr həyata keçirmək niyyətindədi. Bu məqsədlə onunla əlaqə saxlayıb, klubun gələcək planlarından danışdıq.

- Necə oldu ki, “Polad Haşımov” klubunu yaratmaq fikrinə düşdüz?

- Bu düşüncə məndə öncədən var idi. Sadəcə, müharibədə olduğuma görə işlər gecikirdi. Bir gün Füzulidə olanda Türkiyədən zəng gəldi. “Çox sevilən, paşamız, generalımızla bağlı bir film çəkiləcək”, - deyə bir təklif oldu. Mən də müharibənin içində olduğum üçün çox maraqlana bilmədim. Sonra döyüşlər bitdi. Türkiyəyə geri qayıdanda bu fikir məndə formalaşdı. Ad üçün ağlımda Ağdam və Şuşa var idi. Bir anda qərara gəldik ki, generalımızla bağlı film olsun. Klubun adını da “Polad Həşimov” etdik. Ailəsindən görüşmək üçün icazə aldım. Çox sağ olsunlar, ideyama isti baxdılar. Məni evlərində çox gözəl qarşıladılar. Beləliklə, 2 aya klubu yaratdıq. Baş məşqçimiz Emin Mustafayevlə birgə əla işlər görürük.

- Komanda məşqlərini harada keçir? Klubun bazası varmı?

- Metronun “20 Yanvar” stansiyasının yaxınlığında, 150 saylı məktəbin yanında olan “Azfar” stadionunda məşq edirik. Hələ uşaqları yığmaqla məşğuluq. Amma klubumuz həm Azərbaycan, həm də Türkiyə çempionatında iştirak edəcək. Bizim belə bir özəlliyimiz var. Polad Həşimovun adını daşıdığına görə klubumuzun ilk hədəflərindən biri uşaqların vətənpərvər ruhda böyüməsidi. Yaxşı oynayan uşaqları Türkiyədə olan komandaların bəzilərinə yerləşdirməyi düşünürük.

- Türkiyədə hası klublarla əməkdaşlıq edirsiz?

- “Beşiktaş”, “Qalatasaray”, “Başakşəhər”, “Altınordu”, “Kasımpaşa”ya futbolçular göndərə bilərik. Orda yaxın dostlarım var. Hamısı ilə bu məsələ ilə bağlı görüşlərim oldu. Yəni uşaqların hansı komandalara keçidini reallaşdıra bilərik mövzusunda danışıqlar aparmışıq. Gəlin açıq danışaq, Türkiyədə olan futbolla burdakı arasında fərqi hamımız bilirik.

- Polad Həşimovun adını daşıyan komandaya uşaqları necə seçəcəksiz? Ödəniş olacaq?

- Hazırda belə bir qayda var. Futbola yeni başlayan uşaqlar üçün ödəniş olmalıdı. Əsas heyət, bizi Türkiyədə təmsil edəcək uşaqlar isə ödənişsiz məşq edəcəklər. Bizdə şəhid və qazi övladlarına hər şey ödənişsizdi. Buna mən tək qərar verdim. Bunu deyəndə, məni başa düşdülər, fikrimi isti qarşıladılar. Çünki bu, mənim həssas olduğum bir mövzudu.

- Neçə yaş qrupu üzrə fəaliyyət göstərəcəksiz? Gələcəkdə böyük klub olmağı planlaşdırırsız?

- Hələ ki 4-15 yaşlı uşaqları komandaya götürük. Böyük klub olmaq haqda təklif irəli sürdülər. Amma belə bir fikir yoxdu. Gələcəklə bağlı böyük planlar düşünmüşəm. Sadəcə, pandemiya söhbəti də var. Bunlar bitsin, həyat normal arxarına dönsün, başqa şeylər də düşünmüşük. Generalımızın adını yaşatmaq üçün hər şey edəcəyik.

- AFFA və ya Türkiyə Futbol Federasiyası ilə əlaqə saxlamısız? Sizə şərait yaradacaqlar? Bir çox klublar yeni yarananda federasiyadan kömək istəyir. Bununla bağlı kiminləsə danışmısız?

- Belə deyək, mən heç düşünməmişəm ki, onlarla əlaqə saxlayım. Mənə deyənlər oldu ki, get görüş, əlaqə saxla. Açığı, burda çox insanı tanımıram. Amma AFFA-ya klubun yaradılması ilə bağlı məlumat verəcəyik. Türkiyədəkilərlə ancaq telefon vasitəsi ilə əlaqə saxlamışıq.

- Bir klub Azərbaycan çempionatında iştirak etmək üçün AFFA-dan lisenziya almalıdı. Müəyyən maliyyə dəstəyi olmalıdı ki, federasiya yarışlarda iştirak etmək üçün icazə versin…

- Təbii ki, nəzərə almışıq. Yaxın günlərdə AFFA-ya gedəcəyik.

- Komandanızın məqsədi nədi? Vətənpərvər, yoxsa yaxşı futbolçu yetişdirmək? Çünki bu məsələlər arasında fərq çoxdu...

- Bu suala içdən və səmimi cavab verəcəm. Mən özüm də futbol oynamışam. Bir komandada 20 və ya 50 nəfər futbolçu yer ala bilər. Amma sonda bir nəfər futbolçu olar, ya yox. Bizim bu savaşda ən böyük hədəfimiz budu ki, generalımız unudulmasın. Təbii ki, unudulmayacaq. O qədər işlər görüb general. Elə insan heç zaman unudulmaz. İkinci məsələ uşaqlarmızın vətənpərvər ruhda böyüməsidi. Bunu hər müsahibəmdə demişəm. Kim uşaqlarının Türkiyədə oynamasını istəyirsə, bizim komandaya gətirsin. Orda yaxşı şərait var. Bundan başqa, yaxşı insan və futbolçu sabah Azərbaycan bayrağını əlinə alanda canını qoyan biri olsun. Milli ruh təkcə əlinə silah alıb, döyüşmək deyil. İdmançılarımız da vətəni təmsil edir. Hansısa sənətin peşəkarı başqa cür təmsil edir ölkəmizi. Futbol da belədi. İstəyirik ki, uşaqlarımız milli ruhda böyüsün, gedib ölkəmizi xaricdə təmsil etsin.

- Aşağı yaş qruplarında uşaqların qida rasionuna elə də fikir vermirlər. Enerji içkilərini reklam edirlər. Bəs sizin klubun qida rasionunda nələr var?

- Komandamızın direktoru Orxan Heydərli idmanla məşğul olduğu üçün uşaqların rasionuna qədər fikir verir. Bu məsələ ilə bağlı heç bir problem yoxdu.

- Övlandlarını sizin kluba əmanət etmək istəyən valideynlərə nə demək istəyirsiz?

- Bizim komandaya uşaqlarının futbolçu olmağını istəyənlər gəlsin. Legioner həyatını yaşamaq, Türkiyədə oynamaq istəyən hər kəs könül rahatlığı ilə gəlsin. Uşaqları artıq indidən verilişlərə çıxardıram. Bunu onların sosiallaşmaları üçün edirəm. Futbolçu olmaq üçün hər cür şərait var. Uşaqlara, sadəcə, yaxşı oynamaq qalır. Ofisimiz, bazamız da olacaq. Bu klubu bütün Azərbayacan tanıyacaq. Türkiyədə də adından söz etdirəcək.