Dağılmış yolların fəsadları...
Lənkəranda bu gün əhalini narazı salan baxımsız yollar, küçələr çoxdur. İllərlə təmir üzünü görməyən , cala- çuxurları saya gəlməz yollarda hərəkət etmək qeyri-mümkündür. Payızın palçığından, yayın toz-torpağından heç danışmağa dəyməz. Yaranan ağır vəziyyətdən camaat əziyyət çəksə də, elə bil baxıb-görməyə aidiyyəti qurumların gözləri tutulub.
Paşa Təhməzov küçəsi şəhərin ən münasib yerində olsa da, yararsız haldadır. Örtüyü dağılıb, üstündəki çuxurların sayı da bilinmir. Artıq dağılmış küçəni gedib-gəlmək adamı tam əldən salır. Eləcə üstü aşıq qalmış xəndək avtomobillərin hərəkətinə təhlükə yaradır. Belə ki, yol iki hərəkətdən ötrü nəzərə alınıb. Qaldı ki, işdir burada iki avtomobil üzbəüz gəldikdə çıxılmaz vəziyyət yaranır. Yolu keçmək üçün mütləq avtomobillərin biri ya çuxura, ya da xəndəyə düşməlidir.
İndi bəziləri elə başa düşər ki, rayonda vəzifə başında duranların bundan xəbəri yoxdur. Xeyir, vəziyyəti yaxşı bilirlər. Dəfələrlə onlara bu, barədə müraciətlər olub. Sadəcə özlərinə əziyyət vermək istəmirlər. Bir də onlar tutduğu vəzifəyə Sabir demişkən belə yanaşırlar: Qoy mən tox olum, özgələr ilə nədi karım, Dünyavü cahan aç olur olsun, nə işim var?!
Onu da deyim ki, bir balaca yağış yağanda Lənkəranın küçələrini, həyətlərini su basır. Çünki burada kanalizasiya sistemi bərbad haldadır. 70-ci illərdə qurulan, cəmi 20 min nəfər üçün nəzərdə tutulan bu sistem müasir dövrün tələblərindən çox geri qalır. Həmçinin şəhər ərazisində açıq və qapalı kanalizasiya şəbəkəsi fəaliyyət göstərib. Son illər kimlərinsə məsuliyyətsiz əməlləri hesabına onların tutulması problemi qəlizləşdirir. Gəl ki, uzun illərin problemi haqqında düşünüb əməl bir ış görən yoxdur.
Əhalinin daha bir narahatlığı şəhərdəki Etibar Əliyev və Mir Mustafa xan küçələrinin kəsişdiyi yerdə piyada zolağın silinməsi və piyada keçid nişanın olmamasıdır. Bu, hər an sürücüləri, piyadalari ölümcül təhlükə qarşısında qoya bilər. Bununla bağlı sakinlər tərəfindən səlahiyyət sahiblərinə bildirilib. Qaldı ki, nə qədər vəziyyət təhlükə yaratsa da, hələ olduğu kimi qalır.
Lənkəranın kəndlərində olan keçilməz yollardan gileylər bitmir. Uzun illər təmirsiz qalan yollar əhalinin tələbatını ödəmir. Rayonun ən iri yaşayış məntəqəsi Cil kəndinin camaatı deyirlər ki, yollarımız bərbaddır. İllərdir bir yerə getməkdə əziyyət çəkirik. Doğrudur, yolumuzu öz hesabına bir neçə dəfə təmir etmişik . Qaldı yenə də pis gündədir. Üst örtüyü dağılıb, gediş-gəlişə yararsızdır. Yolu qaydaya salmaqdan ötrü dövlətimizdən köməklik istəyirik.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü