📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dağlıq Qarabağ respublikası" iddiasının yenidən dirçəldilməsi artıq mümkün deyil" - FUAD QƏHRƏMANLI

2023-09-28 12:56:40

"Separatçı rejimin buraxılmasından sonra Azərbaycanın növbəti hədəfi Rusiya "sülhməramlılarının" Qarabağdan çıxarılması olmalıdır"

"Qarabağdakı qondarma qurum özünü buraxdığını elan edib. Bu barədə qondarma qurumun "prezidenti" Samvel Şahramanyan qərar verib. Bu qərara əsasən "Arsax" adlı qondarma rejimin bütün qurumları və təşkilatları ilin axırına qədər öz fəaliyyətlərini tam dayandıracaqlar. "Dağlıq Qarabağ respublikası" iddiası separatçıların öz əlləri ilə dəfn edilib və onun yenidən dirçəldilməsi artıq mümkün deyil". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı deyib.

Siyasi şərhçi hesab edir ki, indi yerlərdə hakimiyyət boşluğunun olmaması üçün Azərbaycan dövlət orqanları Qarabağda təcili öz yerli strukturlarını yaratmalıdırlar: "Əsas təhlükə budur ki, Rusiya sülhməramlıları bu funksiyanı mənimsəməsinlər. Rusiya "sülhməramlılarının" öz mandatından kənar hər hansı fəaliyyətinə imkan vermək olmaz".

Fuad Qəhrəmanlı əlavə edib ki, separatçı rejimin buraxılmasından sonra Azərbaycanın növbəti hədəfi Rusiya "sülhməramlılarının" Qarabağdan çıxarılması olmalıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az