📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dambrauskas 4:0-dan sonra nə danışdı?

2026-10-18 12:21:28

Dambrauskas 4:0-dan sonra nə danışdı?

Misli Premyer Liqasının 8-ci turunda "Qəbələ"ni 4:0 hesabı ilə üstələyən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra fikirlərini bölüşüb.

- Qarşıda ağır sınaq - Çempionlar Liqasında Dortmund "Borussiya"sı ilə görüşünüz var. "Qəbələ" ilə matça hazırlaşarkən hansını daha vacib sayırdınız?

- Daha çox bu oyunu düşünürdük. Bakıya qayıdacağıq və "Borussiya" ilə matça hazırlaşacağıq.

- Xəyal Əliyevə Çempionlar Liqasında da şans verəcəksiniz?

- Çox xoşbəxtəm ki, Xəyal sıralarımıza döndü. Beş-altı ay kənarda qalmışdı. Bu görüşdə meydanda 7-8 dəqiqə olsa da, çox fəal idi. Azərbaycanın ən istedadlı oyunçularından biridir. Çempionlar Liqasında oynayıb-oynamaması hansı fiziki formada olacağından asılıdır.

- Dördüncü qolunuz futbol dərsliklərinə salınacaq səviyyədə idi. Azı "Ayın qolu" layihəsinə namizəddir. Bu haqda nə deyə bilərsiniz?

- "Ayın qolu" layihəsinin necə müəyyənləşdiyini bilmirəm. Amma bu qol çox kombinasiyalı alındı. Aleksey İsayev də əla tamamladı. Bu gün uşaqları tərifləməliyəm. Şadam ki, hesab 2:0 olandan sonra da dayanmadıq. Əlbəttə, hər şey bizim üçün asan alınmadı. Rəqibin dirəkdən qayıdan topunu da unutmayaq.

- Bura gələn məşqçilər oksigen çatışmazlığından şikayətlənirlər...

- Biz bu gün qələbə qazanmasaydıq, bunu iqlimlə əlaqələndirməzdim. Səhvi özümüzdə, taktikamızda, hazırlığımızda axtarardım. Hər iki tərəf eyni şərtlər altında mübarizə aparır. (fanat.az)