📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Danielyan: “Qarabağdan sonra növbə Ermənistanındır”

2026-10-13 19:35:50

Danielyan: “Qarabağdan sonra növbə Ermənistanındır”

Ermənistanda revanşist mövqeyi ilə tanınan politoloq Stepan Danielyan ölkəsinin dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşə biləcəyini iddia edib. O, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra beynəlxalq münasibətlərdə baş verən dəyişikliklərin Ermənistan üçün daha ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Hurriyyet.net  xəbər verir ki, Danielyan İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın dağıldığını və dünyanın böyük dövlətlər arasında yenidən bölüşdürülməsi prosesinin getdiyini bildirib.

“İkinci Dünya müharibəsindən sonra mövcud olmuş dünya nizamı artıq yoxdur”, - deyə erməni politoloq qeyd edib.

Onun fikrincə, Ukrayna və Yaxın Şərqdəki müharibələr, Latın Amerikasındakı geosiyasi rəqabət, eləcə də ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları yeni təsir dairələri uğrunda mübarizənin göstəriciləridir.

Danielyan hesab edir ki, müəyyən mərhələdə ABŞ, Çin və ehtimal ki, Rusiya yeni dünya nizamı barədə razılığa gəlməyə çalışacaqlar. Avropa İttifaqı da bu prosesdə iştirak etmək istəsə də, politoloqun iddiasına görə, Vaşinqton buna mane olmağa çalışacaq.

O, hətta ABŞ və Rusiyanın Avropa İttifaqının zəiflədilməsi məsələsində ortaq maraqlara malik olduğunu irəli sürüb.

“Avropa İttifaqının dağıdılması prosesində ABŞ və Rusiya müttəfiqdir. Çoxları üçün bu, anlaşılmaz səslənir, amma hazırda məhz belə proses gedir”, - deyə Danielyan bildirib.

“Ermənistan bu dövrdə yanlış oyun oynasa, çox şey itirə bilər. İndi də dövlətini itirə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, Danielyanın işlətdiyi qondarma “Artsax” ifadəsi erməni millətçi və separatçı dairələrinin Azərbaycanın Qarabağ bölgəsinə verdiyi addır. Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağ üzərində suverenliyini tam bərpa edib.

Erməni politoloq isə bu reallığı ölkəsinin geosiyasi məğlubiyyəti kimi təqdim edərək Ermənistanın dövlətçiliyinin də təhlükəyə düşə biləcəyini iddia edir.