Daxildəki düşmənlər...
Onlar bütün xarici bədxahlarımızadan qat-qat güclüdürlər
İndiyə qədər bir dəfə eşitmədim ki, bu ağaların ağızlarından rus qatillərinin, Moskva irticasının əleyhinə bir kəlmə də çıxsın...
Hakim partiyanın şüxənvərləri, yəni söz ustaları, rahnümaları, yəni yol göstərənləri, biz rəiyyətə vətənpərvərlik dərsi verməyi xoşlayırlar. Həqiqətdən, xilqətdən, hidayətdən bəhs edəndə kişilərin gül dəhanlarından ləl-cəvahirat tökülür. O ki var erməniləri söyür, Minsk lotularını qınayırlar. Amma hələ indiyə qədər bir dəfə eşitmədim ki, bu ağaların ağızlarından rus qatillərinin, Moskva irticasının əleyhinə bir kəlmə də çıxsın. Elə bil bunlara tapşırıq verilib, erməniyə nə istəyirsən deyə bilərsiniz, amma rus məsələsində çalışın ağzınıza yiyəlik edin. Eləyirlər də!
90-cı illəri xırdalayıram, bir günüm mütaliəsiz keçməyib. Vaxtilə rus imperiyasında dərc edilmiş elmi-tarixi əsərlərin elə qiymətlisi olmayıb, onu vərəqləməyim. Dörd-beş vicdanlı türkoloqların əsərini çıxmaq şərtilə, elə bir tarixi əsər görmədim ki, orada bizim dinimizi, adət-ənənələrimizi, tariximizi istehza, lağ hədəfinə döndərməsinlər, üzərimizə çirkab atmasınlar.
Bizim qələm əhli isə, ələlxüsus tarixçilər Qafqaza qədəm basmış bütün rus zabitlərinin, məmurlarının əyinlərinə humanist, ədalət carçısı libasını geyindirdilər. Quldarlığın ən mənhus forması sayılan təhkimçiliyin hakimi-mütləq olduğu Rusiyada doğulub böyüyən, ən qatı provoslav tərbiyəsi alan məmurun, zabitin müsəlman üçün ürəyi yanacaqdı? Rus publisistləri, tarixçilər heç nədən, heç kimdən çəkinməyərək imperiyanın Qafqaz barədə bütün planlarını açıb töküblər. Vəhşiləşmiş əsgərlərinin də, müsəlmanları adam yerinə qoymayan məmurlarının, zabitlərinin də bütün əməllərini yazıblar.
Kiçik bir ricət
Lənkəran işğal olunmamışdan əvvəl Salyan əhalisinin rus ordusu ilə ölüm-dilim çarpışması barədə mən çoxdan yazmışam. Bu adi toqquşma yox, böyük, hər tərifə layiq qarşıdurma idi. İkinci gün mahalın müdafiə edənlərin hamısı həlak olur. Ətraf kəndlərdən gələnlər şəhidlərin bədənlərini yığanda rus generalı Nebolisinin əmrilə rus alayı sayğı duruşuna keçir. Müsəlmanlara göstərilən bu hərbi ehtiram və sayğının səbəbini general belə izah edir: “Cənablar, ləyaqətini, şərəfini hər şeydən üstün tutan düşmənə də ehtiram göstərilməlidir. Biz hərbçiyik, cəllad deyilik! Fikir verin, bütün təkliflərimizə baxmadan onlar ölməyi təslim olmaqdan üstün tutdular. Belə rəqibə hörmət edərlər!”
Əlbəttə ki, bütün generallar belə olmayıblar: Rus xalqının milli iftixarı sayılan Suvorovun İsmail şəhərində, Varşavada, Başqırdıstanda törətdiyi vəhşiliklər tarixə düşüb. Mən hələ cəllad Yermolovun Qafqazda axıtdığı qanlardan danışmıram.
Müstəqil də olduq qanımıza, iliyimizə sirayət etmiş gədalıq sindromundan xilas olmadıq.
...Azərbaycanı tərk edən ermənilər “sülhməramlıların” gözləri qabağında evləri yandırır, hətta ağacları belə kəsirlər. Belə vəhşilik bir yerdə, iki yerdə baş verməyib. İşğal olunmuş bütün kənd və qəsəbələrdə bu baş verib və hər yerdə də rus əsgər və zabitləri saymazyana, laqeyd durub baxıblar. Tükləri də tərpənməyib!
...Çünki dünyaya göz açan saatdan rus uşağı ancaq onu eşidib ki, tarix Kiyev knyazları ilə başlayır, əgər ruslar olmasaydı SSRİ-nin bütün xalqları hələ də vəhşi həyatı sürərdilər, Türk xalqlarına mədəniyyəti, maarifi ruslar verib. Xudanəkərdə, mən rusafobiya mərəzinə mübtəla deyiləm, özümdən də heç nə uydurmuram.
Sadəcə olaraq əleyhdarlarıma məsləhət görərdim ki, özlərinə bir az zəhmət verib Moskvada son illər ərzində dərc olunmuş tarixi ədəbiyyata, jurnallara baxsınlar. Onda görərlər ki, I Pyotrdan bu yana Rusiyanın türk-islam dünyasına qarşı planlarında çox cüzi korreksiyalar olub. Üsuli-idarələr dəyişilib, tarix səhnəsinə bir-birilərindən kəskin fərqlənən fiqurlar gəlib-gedib, amma, mahiyyət qalıb.
Qafqaz xalqlarının bütün çıxışlarını qan içində boğan rus generalları ilə manyak Lenin arasında bir fərq varmı? General Kotlyaverski Lənkəran qalasını alanda yüzlərlə təqsirsiz, günahsız kəndlini qırdısa, XI ordu Gəncə üsyanını yatıranda bütün şəhər əhlini qətlə yetirdi(binamus Çingiz İldırımın Bakıda mitinqdə fərəhlə “Gəncədə başıpapaqlı qalmadı!” deməsini unutmamısınız ki?)
II Yekaterinanın diplomatiyası arxivə atılmadı, əksinə, bolşeviklər tamam başqa bayraq altında onu uğurla başa çatdırdılar. Son müharibədə Rusiyanın sırtıqlığa salıb Qarabağa qoşun yeritməsi və öz iradəsini bizlərə diktə etməsi xoş məramın əlamətidir?
“Xoş məram” pərdəsi altında SSRİ Əfqanıstanda bir milyondan çox insanı məhv etmədimi? Burnu ovulmuş erməni faşistinə Moskvanın “Vur, qorxma, arxanda durmuşam!” deməsini ancaq avamlar bilmir. Ermənidə o cəsarət nə gəzirdi ki, belə məğlubiyyətdən sonra birdə bizlərə sataşaydı?!
Bir məsələ də gözlədiyim kimi oldu. Çoxdan demişdim ki, istənilən fitnəkarlıqda Moskvanın barmağı olanda bizim qələm əhli əmrə tabe olaraq dilini qarnına qoyur. Moskvanın növbəti avantürasına qarşı bizim mədəniyyət əyanları, titullu, iqtidarın yağ-bal içində saxladığı mimikriya ustaları elçinlər, anarlar, fərhadlar müxtəlif saplı məddahlar bir söz demədilər. Nələrinə lazımdır?
O ki qaldı müxalifətə, bu barədə danışmaq mənasızdır. Moskva irticası bir tül məsələni də özü üçün aydınlaşdırdı, Azərbaycanda bir məqsəd, bir amal naminə birləşib monolit qüvvəyə dönə biləcək ziyalı zümrəsi yoxdur.
Psevdovətənpərvər maskası taxmış ruspərəstlər keflərindədir. Onlara daha söz demək olmur. Özəl telekanallara fikir verin. Daha o bambılı qalmayıb ki, çıxıb, bizlərə “mədəniyyətin zirvəsinə aparan yolu” göstərməsin.
İstər orta məktəbdə, istərsə də institut və universitetlərdə kapitalizm üsuli idarəsi barədə il on iki ay bu sözləri eşidirdik: “O amansız cəmiyyətdə zəhmətkeşi adam yerinə qoymurlar, təhsuil də, səhiyuyə də pulladır, zavod, fabrik sahibi fəhləsini istədiyi qədər işlədir, dillənəni atırlar çölə, polis də, ədliyyə sistemi də ancaq maqnatların qulluğundadırlar. Şikayətlərə baxan yoxdur, hüququnu qoruyub ədalət tələb edəni min bir fəndlə şərləyir, ləkələyir, xülasə cəmiyyətdən təcrid edirlər. Müharibə filan baş verəndə ölümə ancaq aşağı təbəqənin balaları gedir. Varlı-karlı adamların, ələlxüsus məmurların balaları isti yerlərdə işləyib ciblərini doldururlar. Onları nə Vətən maraqlandırır, nə millət. Sinfi nifrətin toxumlarının cücərməsinə az qalıb. Bahalı konsertlərdə qonaqlıq və ziyafətlərdə bir kasıb övrətinə, balasına rast gəlməzsiniz. Sözdə korrupsiya, rüşvətxorluq, tayfabazlıqla mübarizə aparsalar da xeyri yoxdur. Parlamentində də eyni adamlar oturur, bir neçəsi dəyişilsə də onlar da qabaqcadan xubca təlimatlandırılırlar. Belə ki, heç kim müəyyən edilmiş cızığından çıxmağa cürət eləmir və s. və ilaxır.” Bəli, uzun illər beynimizi belə doldururdular və biz də inanırdıq.
... Az keçdi, çox keçdi, nəhayət biz də müstəqil olub dövlət qurduq. Qeyrətli oğullar xariqələr yaratdılar. Prezident İlham Əliyev böyük məharətlə Ermənistanı səlib dünyasının ümumi dəstəyindən mərhum edə bildi. Biz yuxarıda kapitalist dünyasına xas olan bəlaları sadaladıq. İndi isə bu bəlaları dəf etmək vəzifəsi durur. Bizim birgə səyimiz, zəhmətmiz olmasa əlbəttə ki, o bunu tək bacara bilməyəcək. Çünki daxildəki düşmən bütün xarici bədxahlarımızadan qat-qat güclüdür.
Firuz HAŞIMOV