📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Daxili qoşunlarımız Xankəndinə və digər məntəqələrə daxil olmalıdır" - POLİTOLOQ

2023-09-21 13:52:14

"Biz öz ərazimizdə həm separatizmlə, həm də onlara açıq və gizli dəstək verən mərkəzlərlə mübarizə aparmaq məcburiyyətindəyik"

"Erməni və Rusiya saytları "Azərbaycan atəşkəsi pozaraq Xankəndi istiqamətində atəş açıb" dezinformasiyasını tirajlamaqla məşğuldurlar. Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsini həzm etmək istəmirlər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq deyib ki, Yevlaxda ermənilər növbəti kapitulyasiya sənədinə imza atsalar da, içərilərindəki təxribatçıların və onlara dəstək verən xarici mərkəzlərin vəziyyəti gərginləşdirmək istəkləri istisna deyil: "Ona görə daxili qoşunlarımızın Xankəndinə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir, bu məsələləri Rusiya hərbi kontingentinə etibar edə bilmərik. Atəşkəs razılaşmasından bir neçə saat sonra erməni separatçıları Rusiya hərbi kontingentinin nəqliyyat vasitəsinə atəş açıblar və bir neçə hərbçini öldürüblər. Moskvadan səs çıxmadı".

Elxan Şahinoğlu əlavə edib ki, biz öz ərazimizdə həm separatizmlə, həm də onlara açıq və gizli dəstək verən mərkəzlərlə mübarizə aparmaq məcburiyyətindəyik.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az