""Demokratiya üçün İncə çəkilsin" deyənlər nə demokratdırlar, nə də xalqı düşünürlər!" - NAZİM CƏFƏRSOY
"Məhərrəm İncə 2018-ci ildə partiyasından 8 faiz çox səs almasına baxmayaraq, CHP rəhbərliyi onun partiyadan qovulması üçün ciddi iş aparıb"
"Məhərrəm İncənin siyasi görüşləri mənə uyğun deyil, həyatımda heç tanış olmadım. Ancaq Ecevitdən sonra, sol cəbhədə son 20 ildə türk millətinin sosiologiyasına ən çox xitab edə bilən və ən çox haqqı yenilən siyasətçi olduğunu düşünürəm. İmamoğludan da daha çox xitab edə bilən siyasətçidir". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy qeyd edib.
Politoloq bildirib ki, İncə siyasi həyatı boyunca CHP içində olub, həmişə də siyasi cizgisi buna uyğun olub: "Partiya sədri olma cəhdi bir neçə dəfə uğursuzluqla nəticələnib. Prezidentlik üçün də Ərdoğana qarşı bir dəfə, o da zorlama ilə namizəd olub. 2018-ci ildəki seçkidə Ərdoğanla yanaşı, Akşener, Demirtaş ve Karamollaoğlu kimi müxalif liderlərin yarışdığı seçkidə iştirak edib. İncə bu seçkidə CHP-nin partiya kimi 22 faiz səsinə qarşı 30 faiz səs alıb. Partiyasından 8 faiz çox səs almasına baxmayaraq, CHP rəhbərliyi onun partiyadan qovulması üçün ciddi iş aparıb. İncənin aldığı səs Ecevitdən sonra son 50 ildə CHP-nin aldığı ən çox səs və ən uğurlu nəticədir. CHP qurultay nümayəndələri isə Ərdoğana qarşı ən az 8 seçki və referendumda böyük məğlubiyyətə uğrayan Kılıçdaroğluna dəstək veriblər. Beləcə, CHP tarixinin son 50 ilində ikinci ən çox səsi alan siyasətçisi, öz partiyasından 8 faiz çox səs toplayan və 40 illik CHP-li İncə və tərəfdarları partiyadan qovulub. O da gedib ayrı partiya yaradıb. Sonra da CHP-də onu heç yada salmayıblar, hətta saymayıblar. Hətta Babacan, Davudoğlu və HDP-yə göstərilən münasibətin 10 faizi belə, göstərilməyib. Hətta siyasi taktik icabı belə, bunu etməyiblər və indi də ancaq söyürlər!"
Nazim Cəfərsoyun sözlərinə görə, İncəyə "seçkidən çəkil" deyənlər 10 ildir həm böyük məğlubiyyətə uğrayırlar, həm də kürsüyə yapışıb qalırlar: "Bu prosesdə İncə onlardan daha haqlıdır! İncəyə CHP-də siyasət imkanı verməyənlər indi də deyir Türkiyədə siyasətlə məşğul olma! Bunu deyənlər də demokrat olur. Bu şərtlərdə İncənin namizədliyi doğru və demokratiyaya uyğundur! Vallah "demokratiya üçün İncə çəkilsin" deyən siyasətçilər nə demokratdırlar, nə də xalqı düşünürlər! Yoxsa, ən az şansı olan namizədi göstərməzdilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az