📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Demokratiya zirvəsinə Azərbaycan və Türkiyə NİYƏ DƏVƏT OLUNMADI?

2021-11-05 13:48:00

Demokratiya zirvəsinə Azərbaycan və Türkiyə NİYƏ DƏVƏT OLUNMADI?

Şahin Cəfərli: "Türkiyənin demokratik institutları toplantıya dəvət alan bir çox dövlətin, o cümlədən Ermənistan, Gürcüstan, Pakistan kimi ölkələrin müvafiq institutlarından daha güclüdür"

"ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da online formatda keçiriləcək Demokratiya zirvəsinə Azərbaycanın dəvət olunmaması gözlənilən idi. Bu qərarın obyektiv olmadığını söyləyə bilmərik, çünki ölkəmizdə demokratikləşmə istiqamətində hər hansı islahat aparılmadığını və real addımların atılmadığını biz özümüz hamıdan əvvəl görür və bilirik". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçinin sözlərinə görə, dialoq adlandırılan görüşlər silsiləsi var, amma bu, həqiqi dialoq deyil və ölkə problemlərinin həllinə, hansısa sahədə açılım etməyə yönəlməyib: "Dəvətlilər sırasında Türkiyənin olmaması isə haqsızlıqdır. Türkiyədə son illər hüquq dövləti, insan haqları, demokratik inkişaf sahəsində ciddi reqres baş versə də, demokratik seçki institutu hələ işləyir. Bunu 2019-cu ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də göstərdi. Türkiyənin demokratik institutları (siyasi partiyalar, QHT-lər və s.) toplantıya dəvət alan bir çox dövlətin, o cümlədən Ermənistan, Gürcüstan, Pakistan kimi ölkələrin müvafiq institutlarından daha güclüdür. Türkiyə demokratik dövlətlərin ittifaqı olan NATO-nun üzvü, Avropa Birliyinə namizəd ölkə olaraq qalır, onu Rusiya və digər avtokratik ölkələrlə, diktaturalarla bir sıraya qoymaq yanlışdır. Böyük ehtimalla, bu məsələdə Türkiyə prezidentinin şəxsinə münasibət, onun avtoritar lider kimi qəbul olunması rol oynayıb".

Şahin Cəfərli əlavə edib ki, bu tip siyahıların hazırlanmasında subyektivizm amili və müəyyən maraqlar hər zaman rol oynayır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az