Deputat niyə 100 minlik “Mercedes”də gəzməlidir? – Araşdırma
Milli Məclisin komitə sədrlərinin istifadəsinə verilən yeni xidməti avtomobillərə dövlət büdcəsindən 1 milyon 527 min 120 manat vəsait xərclənib
Parlamentin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsi müzakirə olunub. Müzakirələrdə iştirak edən Milli Məclisin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə, yeni avtomobillər alınıb və avtopark yenilənib. Noyabrın 30-da xəbər saytlarında yayılan fotodan və verdiyi məlumatdan belə aydın olub ki, artıq Milli Məclisin komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.

İnternet üzərindən axtarış edib bu avtomobilin bir ədədinin qiyməti ilə maraqlandıq. “Mercedes-Benz” avtomobillərinin Azərbaycandakı rəsmi dilerinin saytında yerləşdirilən elandan öyrəndik ki, Milli Məclisin komitə sədrlərinə verilən yeni xidməti nəqliyyat vasitəsinin bir ədədinin qiyməti 101 min 808 manatdır. Əgər nəzərə alsaq ki, parlamentin 15 komitəsi var, bu zaman qanunverici orqanın avtomobil parkının yenilənməsinə dövlət büdcəsindən 1 milyon 527 min 120 manat vəsait xərcləndiyi ortaya çıxar.

Bu yerdə onu xatırlatmaq yerinə düşər ki, Azərbaycan özü də avtomobil istehsalçısıdır. 2010-cu ildən Naxçıvan Avtomobil Zavodunda Çinin “Lifan İndustrial Group” şirkəti ilə birgə 10-a yaxın modeldə minik avtomobilləri, mikroavtobuslar istehsal olunur. Modellər arasında məmurlar üçün cəlbedici sayıla biləcək “Lifan 820 Premium” markalı avtomobil də var ki, onun satış qiyməti 32 min 500 manat təşkil edir. 2016-cı ildə təməli qoyulan Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin “Khazar” birgə müəssisəsində də “Dena”, “Rana”, “Soren”, “Samand”, “Peugeot”, “Khazar” markalı minik vasitələri istehsal olunur. Bu avtomobillərin qiymətləri 16-20 min manat arasında dəyişir. 2021-ci il aprelin 20-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Hacıqabul Sənaye Məhəlləsindəki Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunda isə ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyalarından istifadə olunmaqla “Chevrolet” markalı müxtəlif minik avtomobilləri istehsal olunur. Bu avtomobillər arasında məmurlar üçün cazibədar sayılanı “Chevrolet Malibu” ola bilər ki, onun da bir ədədinin qiyməti 57 min 800 manatdır.

Göründüyü kimi, milli istehsal mövcuddur, alternativ imkanlar da var. Lakin nədənsə Milli Məclisin avtomobil parkı yenilənərkən yerli istehsala, münasib qiymətə deyil, xaricdə istehsal olunan, bahalı brend nəqliyyat vasitələrinə üstünlük verilib. Nəticə etibarilə xeyir Vətənə deyil, əcnəbiyə qalıb, üstəlik böyük israfçılığa yol verilib. Halbuki ölkə başçısı İlham Əliyev dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə səsləyib.

Ağ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, indiki məqamda belə xərclər insanlarda qıcıq yarada bilər. Partiya sədrinin qənaətincə, Milli Məclisdə, eləcə də dövlət qurumlarında bu cür israfçılıq, bədxərclik dövlət və xalq arasında uçurum yaradır: “Dövlət ərkanı, atributu olan vəzifələrdə normal avtomobillər olmalıdır. Çünki o vəzifədə təmsil olunanlar dövləti təmsil edirlər. Buna kimsə irad tutmaz. Lakin indiki məqamda, xüsusən də işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı quruculuq-abadlıq işləri görüldüyü, Qarabağın dirçəldilməsi istiqamətində addımlar atıldığı, şəhid ailələrinin hələ də ev növbəsində dayandığı, qazilərimizin müalicə almaq üçün növbə gözlədiyi məqamlarda belə xərcləmələr artıqdır, israfçılıqdır. Hesab edirəm ki, belə xərclər minimuma endirilsə daha yaxşı olar. Əminəm ki, Milli Məclis üçün daha ucuz qiymətə, keyfiyyət göstəriciləri yüksək olan xidməti avtomobillər almaq olardı. Lap olsun ikinci əl avtomobil. Texniki göstəriciləri yüksək olduqdan sonra, saz vəziyyətdə olduqdan sonra onu da almaq, xidməti avtomobil kimi istismar etmək olardı. Məgər belə bir avtomobil idarə etsələr, bu, onlara əskiklikmi gətirəcək? Ümumiyyətlə israfçılığın, bədxərcliyin əleyhinəyəm. Sosial durumun ağır olduğu indiki məqamda israfçılığa yol vermək insanları qıcıqlandırır. Bu da dövlət və xalq arasında uçurum yaradır”.

İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Milli Məclisin, dövlət qurumlarının iş fəaliyyətinə hər il dövlət büdcəsindən vəsait ayrılır. Onun sözlərinə görə, vəsait ayrılandan sonra onun necə xərclənməsinin monitorinqini aparmaq çox çətin prosesdir: “Hesablama Palatasının ştat sayını, 35 milyardlıq dövlət büdcəni, oradan maliyyələşən qurumları nəzərə alsaq, ayrılan vəsaiti tam nəzarətdə saxlamaq qeyri-mümkündür. Hesablama Palatası bunu fiziki olaraq da çatdıra bilmir. Milli Məclis isə qanunverici orqan olduğu üçün Hesablama Palatası bu qurumla üz-göz olmaq, xərclərində hər hansı nöqsan taparaq münasibətlərini pozmaq istəməz. Çünki Hesablama Palatası da Milli Məclisə hesabat verir. Bir-birinə bağlı qapalı sistemin mövcudluğu, hesabatlılığın, nəzarətin olmaması səbəbindən nəinki Milli Məclisin işlər idarəsi, eləcə də digər dövlət qurumları belə satınalmalar həyata keçirə bilirlər”.

Ekspert qeyd edib ki, bu satınalmaları, xərcləmələri tənzimləmək üçün hansısa qanunvericilik, hesabatlılıq aktları mövcud deyil: “Nəzərə alaq ki, bu bahalı avtomobillərin aşınma, amortizasiya xərcləri də var və onlar da bahadır. Milli Məclisin komitə sədrlərinin bundan əvvəl istifadəsində olan avtomobillərin hansı aşınmaya məruz qaldığına, yaxud təmirə ehtiyac duyulduğuna və sair barədə məlumat, hesabat yoxdur. İnanmıram ki, digər dövlət qurumlarda da belə hesabatlılıq olsun. Büdcə vəsaiti xərclənərkən bunun əsaslandırması olmalıdır. Düşünmürəm ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobillərinin yenilənməsinə ciddi zərurət var idi. Sadəcə ilin sonudur və Milli Məclisə ilin əvvəlində ayrılan xərclərdən bir qədər vəsait qalıb. Əgər bu vəsait xərclənməsə ilin sonunda dövlət büdcəsinə qaytarılmalıdır. Həmin vəsaiti büdcəyə qaytarmasınlar deyə, yeni avtomobil alıblar”.
Ərtürk İSMAYIL
Medianews.az