📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat oğlunun udduğu 1 milyon 176 min manatlıq tenderlə bağlı DÖVLƏT AGENTLİYİNDƏN RƏSMİ AÇIQLAMA

2021-08-19 14:35:00

Deputat oğlunun udduğu 1 milyon 176 min manatlıq tenderlə bağlı DÖVLƏT AGENTLİYİNDƏN RƏSMİ AÇIQLAMA

Ötən gün qeyd etdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən keçirilən dəyəri 1 mln. 176 min manatlıq tender müsabiqəsinin qalibi deputat Cavanşir Feyziyevin oğlu Orxan Cavanşir olub. 

Bu dəfə isə tender xəbəri ilə bağlı Agentliyin Hurriyyet.az-a göndərdiyi açıqlamanı olduğu kimi təqdim edirik: 

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilmişdir. Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirmişdir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılmış və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilmişdir. 
Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilmişdir. Məlumat üçün bildirək ki,  4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 553,3 kv. m olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir". 

Valeh, Hurriyyet.az