“Dərin Təhlil”də “ermənilərin yaxınımızda olmasına hazırıqmı?” polemikası VİDEO
Vüsalə Mahirqızı: “Yaxın yaşama həddində Xankəndində olan erməninin Şuşada xəstəxanada müalicə olunmasına hazırıqmı?”
Aqil Abbas: “Gəlsə, nə daş atan olar, nə də söyüş söyən olar. Mehriban da qarşılayarlar”
TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Aqil Abbasla APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı arasında Qarabağda yaşayan ermənilərlə bağlı maraqlı dialoq yaşanıb.
Musavat.com xəbər verir ki, V.Mahirqızı qeyd edib ki, Qarabağdakı separatçıları gözümüzdə çox böyütməməliyik: “Azərbaycan prezidenti son müsahibəsində bildirdi ki, təxminən 25 min insan yaşayır. Onların arasında 2-3 min separatçı ya olar, ya olmaz. Orda olan, Azərbaycan vətəndaşlığı yaşamaq istəyən ermənilərin burda yaşaması üçün bu proseslərin başlaması lazımdır. Məsələn, bu gün Xankəndində yaşayan erməninin pensiya kartı Ermənistandakı banka bağlıdır və təqaüdünü Ermənistandan alır. Bu adamın Azərbaycandan pensiyasını alması lazımdır. Yaxud, işıq, qaz, kommunikasiya məsələləri həll olunmalıdır. Bu prosesin başlaması üçün danışıqlar aparılmalıdır Ermənistanla”.
Amma V.Mahirqızı hesab edir ki, bu gün Qarabağda yaşayan erməni özünü Bakıya, Xankəndinə gəlməyə hazır hesab eləmir: “Gəlin açıq danışaq. Bu gün ordakı erməni özüü Bakıda xəstəxanaya gəlməyə hazır hiss eləmir. Biz yaxın yaşama həddində Xankəndində olan erməninin Şuşada xəstəxanada müalicə olunmasına hazırıqmı?”
![]()
V.Mahirqızının bu sualına A.Abbas çox fərqli cavab verib. Onun sözlərinə görə, ermənilər müalicə üçün Şuşaya gəlsə də, onlara heç kim bir söz deməz, müalicə də edər: “Gəlsə, nə daş atan olar, nə də söyüş söyən olar. Mehriban da qarşılayarlar. Necə ki, əsir erməniləri yedirib içirib, müalicə də etdilər. Xotək kimi də yola saldılar. Biz unutqanıq. İnsanıq da. Gəlsələr, müalicə olunar. Amma gələrmi? O, başqa söhbətdir”.
Xatırladaq ki, “TV Musavat”ın efirində “Dərin təhlil” verilişində Azərbaycan, eləcə də dünya gündəminin mühüm mövzuları müzakirə olunub.
Verilişin həmin fraqmenti ilə aşağıdakı tanış ola bilərsiz.
Musavat.com