📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Devid Harrisin Bakıya 13-cü gəlişi - Prezidentlə görüşdə hansı mesajlar verildi?

2022-01-18 10:27:00

Devid Harrisin Bakıya 13-cü gəlişi - Prezidentlə görüşdə hansı mesajlar verildi?

Amerika Yəhudi Komitəsi sədrinin sözlərinə görə, 2500 ildir ki, yəhudilərin bu ərazilərdə yaşamasına baxmayaraq, heç vaxt anti-semitizmə rast gəlinməyib; deputat: “Yəhudi Komitəsi Azərbaycanı bir nümunə kimi təqdim edir”

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Yeni Müsavat” xəbər verir ki, görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulanıb.

Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehriban və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində hərtərəfli şəraitin yaradılması yüksək qiymətləndirilib, bunun dünyada nümunəvi xarakter daşıdığı qeyd edilib.

Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olunub. Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. D.Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlət başçısına məlumat verib. Bu cür mötəbər görüşlərin ölkəmiz üçün önəmi hər kəsə məlumdur. Azərbaycanın İsraillə münasibətləri hər sahədə yaxşıdır. Amma ABŞ-dakı yəhudi lobbisi də dünya üzrə çox böyük gücə və nüfuza malikdir. Harris qeyd edib ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşən Azərbaycanın dünya üçün önəmi böyükdür.

PREZİDENT İLHAM ƏLİYEV DEVİD HARRİSİ QƏBUL EDİB

O deyib: “Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür. Azərbaycanın yəhudi icması üçün də önəmlidir. 2500 ildir ki, yəhudilərin bu ərazilərdə yaşamasına baxmayaraq, heç vaxt anti-semitizmə rast gəlinməyib”.

Harris bildirib ki, uzun illər ərzində Azərbaycan yəhudiləri ilə dünyanın çeşidli ölkələrində qarşılaşıb: “Onların hər birinin ortaq cəhəti Azərbaycana bağlılıqlarıdır. Əhalisinin çox hissəsi şiə müsəlmanları olan ölkədə onlar bir ailə kimi birgə, mehriban şəraitdə yaşayırlar. Azərbaycan İsrail dövləti üçün də önəmlidir. Bizim diplomatik əlaqələrimiz var. Demək olar ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr sıxdır. Bu ölkə strateji əhəmiyyətinə, coğrafi mövqeyinə, zəngin enerji yataqlarına, ABŞ ilə münasibətlərinə, İsraillə əməkdaşlığına, dini tolerantlığına və yəhudi xalqına göstərdiyi hörmətə görə böyük önəm daşıyır. Buna görə mən buraya 13-cü dəfədir gəlirəm”.

O da sual doğurur ki, nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir? Yəhudi Komitəsinin Bakıdan gözləntiləri nələrdir? İran və digər ölkələr bu münasibətləri necə qarşılayırlar?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ölkəmizi Amerika Yəhudi Komitəsi üçün zəruri edən səbəblər barəsində Harris videomüraciətində fikirlərini ifadə edib. Deputatın sözlərinə görə, minillərdir yəhudilər Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar, bu da bizim ölkəyə məxsus tarixi prinsipdir: “Harris videoçıxışında bu məsələni xüsusi vurğulayır. Yəhudi Komitəsi  bir məsələni də qeyd edir ki, Azərbaycandan çıxmış və ayrı-ayrı ölkələrdə yaşayan yəhudilər hər zaman Azərbaycanla sıx əlaqə saxlayır, ölkəmizin mövqeyini dəstəkləyirlər. Bunun da səbəbi Azərbaycanda uzun illərdir yahadıqları qarşılıqlı hörmət və qardaşlıq şəraitidir. Ona görə həm ABŞ-dakı Yəhudi Komitəsi, həm yəhudi təşkilatları Azərbaycanı dəstəkləyir. Eyni zamanda bu cür görüşlər Azərbaycan-İsrail münasibətlərini daha da möhkəmləndirir”.

A.Mollazadənin sözlərinə görə, biz torpaqlarımızı işğaldan azad etmişik, beynəlxalq hüquq normalarına riayət edərək müharibə aparmışıq, İsrail və dünya yəhudiləri də bizim haqlı mövqeyimizi dəstəkləyir: “Bu, bizim xalqa məxsus olan tarixi ənənələrin davamıdır və Azərbaycan dünyaya nümayiş etdirir ki, dinlərarası, millətlərarası münasibətlər bu şəkildə davam etməlidir. Dünyada təhlükəli tendensiyalar var: rasizm artır, antisemitizm, antiislam prosesləri gedir. Yəhudi Komitəsi də bu gedişatdan narahat olduğu üçün Azərbaycanı bir nümunə kimi təqdim edir”.

“Yeni Müsavat”