📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deyin, bu bahara, deyin gəlməsin...

2024-03-18 22:23:09

Deyin, bu bahara, deyin gəlməsin...

Bəli, Lerikin dağ kəndlərində Baharın gəlişini istəməyən adamlar çoxdur. Çünki bu  yerlər başdan-başa çəpər içindədir. Onun bitirdiyi  bənövşə də artıq kəndlinin əlindən alınıb. Özbaşınalıq o dərəcəyə çatıb ki,  doğma kəndinə  bağlı adam özü  boyunu bükükdür.

Hazırda rayonun əksər kəndlərində yamac, bulaq, dərə kənarı,  10-15 il bundan qabaq istifadə olunan yol yoxdur ki, ora çəpərlənməsin.  Yazın gəlişi ilə  çəpərlərin balta davası başlanır.  Özü də kəndləri qəfəsə salanların çoxu buralardan  köçənlərdir.  Ata ocağında Novruz bayramı keçirmək  adi ilə kəndə gəlir, cavan ağacların ömrünə son qoymaqla çəpərlərini bərkidib yenidən qayıdırlar.  Nəticədə ömür-gününü kəndə bağlayanlar min-bir  əzab-əziyyətə düçar olurlar. Belə ki, zəncirlənmiş bulaqlardan, yollardan istifadə edə bilmirlər.  Olduqca təhlükəli bir vəziyyət yaranıb. Təbiətə qarşı edilən bu qəsdin sonunun fəlakətlə bitməsinə heç şübhə yoxdur.

Kimin gözü haraya düşür, oranı dədə mali kimi çəpərə sala bilir. Adam var 20 hektar meşəni zəbt edib.  Evlərinə yaxın, on ailənin suya olan tələbatını  ödəyən bulaqlar indi bir nəfər tərəfindən mənimsənib. Gözü daşlamış bulaqların ətrafında yaranmış bataqlıqları hələ demirəm.  Hətta  örüşlər indi ayrı-ayrı adamların nəzarəti altındadır.  Belə ki, adam var tək başına 40 hektar örüş yeri çəpərləyib, gəl ki, qonşusu bir inəyini otarmağa yer tapa bilmir. Hazırda bu çəpərlər üstündə qonşu-qonşuya düşmən kəsilib.  Yaz günlərdə dava-dalaşın sayı daha da çoxalır. Məhz buna görə də  Lerikin əksər kəndində hazırda  Baharın gəlişinə  sevinmirlər.

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü