"Dezinformasiya Putin rejiminin əsas "uzaq mənzilli silahlarından" biridir" - XAQANİ CƏFƏRLİ
"Rusiyanın internet casus şəbəkəsinin fəaliyyəti Azərbaycanın da milli təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyidir"
"Rusiya xüsusi xidmət orqanları özlərini xəbər agentliyi kimi təqdim edən, yalan yayan, nifaq salan xüsusi saytlar yaradır, casusluğa cəlb etdiyi şəxslərin vasitəsilə sosial şəbəkələrdə qaralama kampaniyası aparır"
"Ukrayna Təhlükəsizlik Xidməti Odessa vilayətində Rusiya internet casus şəbəkəsini ifşa edib. İnternet casus şəbəkəsinin üzvləri işğalçıların hərbi cinayətlərini inkar edən məlumatları sosial şəbəkələr vasitəsilə yayırmışlar. Rusiyanın internet casus şəbəkəsinin üzvləri Qərb əleyhinə məlumatlar yaymaqla yanaşı, Rusiyanın işğalçılıq siyasətini ifşa edən ictimai-siyasi fəallara qarşı da böhtan, qaralama kapmaniyası aparırmışlar. İfşa edilən casuslar vətənə xəyanətdə ittiham olunurlar". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən dezinformasiyanın Putin rejiminin əsas "uzaq mənzilli silahlarından" biri olduğu üzə çıxdı: "Ümumiyyətlə, Rusiya xüsusi xidmət orqanları informasiya məkanında dezinformasiya və təbliğat sistemi yaradıb. Kremlin dezinformasiya və təbliğat sistemi insanları çaşdırmaq məqsədi ilə Rusiyanın gerçək siyasəti və real fəaliyyəti ilə bağlı ilə dezinformasiya istehsal edir və yayır. Rusiya xüsusi xidmət orqanları özlərini xəbər agentliyi kimi təqdim edən, yalan yayan, nifaq salan xüsusi saytlar yaradır, casusluğa cəlb etdiyi şəxslərin vasitəsilə sosial şəbəkələrdə qaralama kampaniyası aparır. Rusiya beynəlxalq normalara və qlobal sabitliyin qorunmasına zidd olan bu bədxah fəaliyyətinə görə dəfələrlə ifşa olunsa da, bunu davam etdirir. Humanitar və Sosial Araşdırmalar Fondunun (FHSR) araşdırmasının nəticələrinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra Kreml təbliğatının həcmi 10 dəfə artıb. ABŞ Dövlət Departamentinin Qlobal İştirak Mərkəzinin (Global Engagement Center) “Rusiyanın dezinformasiya və təbliğat ekosisteminin əsas elementləri” adlı hesabatına görə, Rusiyanın dezinformasiya və təbliğat sisteminin əsas məqsədi rəqibləri nüfuzdan salmaqdır".
Xaqani Cəfərli əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın dezinformasiya və təbliğat sistemini zərəsizləşdirmək üçün son altı ay ərzində çoxsaylı əməliyyat keçirib: "Odessa vilayətində Rusiya internet casus şəbəkəsini ifşa edilməsi Ukrayna Təhlükəsizlik Xidmətinin ən son əməliyyatıdır. Aydın görünür ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın internet casus şəbəkəsinə qarşı müharibə elan edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ukraynalı həmkarlarının bu addımından nəticə çıxarmalı, sosial şəbəkələrin Azərbaycan seqmentində Rusiyanın hərbi cinayətlərinə bəraət qazandıran, Rusiyanın işğalçılıq siyasətini ifşa edənlərə qarşı böhtan, qaralama kapmaniyası aparanları ifşa edərək zərərsizləşdirməlidir. Çünki Rusiyanın internet cəsus şəbəkəsinin fəaliyyəti Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az