📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN dələduzluğa məruz qalan vətəndaşın işini nəzarətə götürdü

2021-12-22 15:18:00

DİN dələduzluğa məruz qalan vətəndaşın işini nəzarətə götürdü

Ötən buraxılışımızda Abşeron rayonunun 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsinə sahiblənmiş şəxsin ərazini hissələrə bölərək, qanunsuz olaraq müxtəlif şəxslərə satması ilə bağlı məlumat vermişdik. İddialara görə,  Coşqun Əlizadə adlı  şəxs eyni ərazini 4-5 nəfərə satmaqda ittiham olunur.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 14.03.2008-ci il tarixli, 237 nömrəli sərəcamına əsasən, Əliyev Taleh Nizami oğlunun adına 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsi ayrılıb. Əldə etdiyimiz sənədlərdən aydın olur ki, Taleh Əliyev torpaqla bağlı bütün səlahiyyətlərini notarial qaydada qardaşı Coşqun Əlizadəyə ötürüb.

Zərər çəkən şəxlərdən biri Yeni Suraxanı qəsəbəsində yaşayan Cahangirov Valeh Məhəmməd oğludur. O, "Hürriyyət"in redaksiyasına yenidən gələrək, Coşqun Əlizadə tərəfindən aldadıldığını bildirib. Valeh Cahangirovun sözlərinə görə, Bakı şəhər 11 saylı Notarius ofisində C.Əlizadədən aldığı torpaq sahəsinə dair etibarnamə sonradan ondan xəbərsiz ləğv edilib.

Valeh Cahangirov iddia edir ki, bir çox vətəndaş da eyni üsul ilə Coşqun Əlizadə tərəfindən aldadılıb. Şikayətçi 11 saylı Notarius ofisinin xüsusi notariusu İlqar Məmmədovun da Coşqun Əlizadə ilə əlbir olduğunu vurğulayıb.

Şikayətçinin müraciəti uzun ötür-ötürdən sonra sonda 5-ci polis bölməsinin müstəntiqi, mayor Nihad adlı şəxsin əlinə çatır. Valeh Cahangirovun iddiasına görə,  müstəntiq işin baxılıb məhkəməyə göndərilməsi üçün ondan "hörmət" etməsini istəyir. O isə imkansız olduğunu əsas gətirirək "hörmət" edə bilmir. Bu baxımdan da iş rədd edilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən "Hürriyyət"ə bildirilib ki, polis bölməsində vətəndaşın hüquqlarının pozulması ilə bağlı iddialar Bakı şəhər Baş Polis İdarəsində araşdırılır. Vətəndaş Baş idarəyə dəvət olunub, iddiaların bütün təfərrüatları yoxlanılır. Torpaq sahəsinin bir neçə şəxsə satılması ilə bağlı müvafiq soruğular verilməklə, zərərçəkmişlərin dairəsi müəyyən olunacaqdır. Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin oluncaq.

YƏHYA