"Diplomatik dairələrdə Sergey Lavrovu "danışan at" adlandırırlar" - XAQANİ CƏFƏRLİ
"O, postsovet respublikalarının və keçmiş sosialist düşərgəsinə aid ölkələrin xalqlarını təhqir edir, onları öz torpaqlarına sahib çıxmaq qüdrətində olmayan insan yığınağı hesab etdiyini nümayiş etdirir"
"Rusiya xarici işlər naziri Sergey Lavrovun həmkarlarını aşkar və gizli təhqir etməsi bütün dünyaya məlumdur. Buna görə də diplomatların öz aralarında Sergey Lavrovu “danışan at” adlandırıldığı haqqında çoxsaylı məlumat var". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı, keçmiş sovet kəşfiyyatçısı Yuri Şvetsin iddiasına görə isə diplomatik dairələrdə Rusiya xarici işlər naziri Sergey Lavrovu fransız yazıçısı Aleksandr Dümanın dünyaca məşhur “Üç muşketyor” romanın qəhrəmanı Dartanyanın sarımtıl qırmızı rəngli atının adı ilə “Velzuvel” adlandırlar: "Həmkarlarını söyməsi və təhqir etməsi ilə məşhur olan “Velzuvel” indi də bütöv xalqları təhqir etməkdən çəkinmir. Şimali Atlantika Alyansı haqqında danışarkən “Velzuvel” deyib ki, NATO Varşava Müqaviləsi Təşkilatının və Sovet İttifaqının dağılmasından sonra sahibsiz qalan əraziləri məskunlaşdırmaq layihəsididir. “Velzuvel” bununla postsovet respublikalarının və keçmiş sosialist düşərgəsinə aid ölkələrin xalqlarını təhqir edir, onları öz torpaqlarına sahib çıxmaq qüdrətində olmayan insan yığınağı hesab etdiyini nümayiş etdirir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az