Dizelin qiyməti rekord vurdu
ABŞ-də dizellə bağlı yeni qərar müzakirə olunur. Prezident Donald Tramp ölkədən dizel ixracının qadağan edilməsini nəzərdən keçirdiyini açıqlayıb. Lakin bu addımın benzin qiymətlərinə də təsir göstərə biləcəyini bildirib.
Tramp Ağ Evdə Cənubi Koreyanın ABŞ-dəki enerji layihələrinə yatırımları ilə bağlı açıqlamadan sonra jurnalistlərin suallarını cavablandırıb. ABŞ prezidentindən dizel ixracına qadağa qoyulub-qoyulmayacağı soruşulub. Tramp məsələni düşündüyünü və ABŞ-nin energetika naziri Kris Rayt, eləcə də daxili işlər naziri Daq Berqamla bu barədə tez-tez müzakirələr apardığını deyib. Trampın sözlərinə görə, nazirlər belə bir qadağanın dizel qiymətlərinin aşağı düşməsinə kömək edə biləcəyini, lakin digər yanacaq məhsullarının qiymətini artıra biləcəyini düşünürlər.
“Düşünürəm ki, yaxşı vəziyyətdəyik. Çünki neft qiymətləri aşağı düşməyə başlayacaq. Hazırda Hörmüz boğazından çox böyük həcmdə neft çıxır”, – Tramp bildirib.
O, dizel ixracına qadağanın benzin qiymətlərinə mənfi təsir göstərə biləcəyini də qeyd edib. Tramp dizel qiymətlərindəki problemin əsas səbəbinin Yaxın Şərq deyil, Rusiyada baş verən hadisələr olduğunu deyib.
ABŞ-nin energetika naziri Kris Rayt isə bu məsələ üzərində həftələrdir, hətta aylardır hər gün çalışdıqlarını bildirib. Rayt son həftədə dizel qiymətlərinin aşağı düşdüyünü deyib. Onun sözlərinə görə, qarşıdakı günlər və həftələrdə qiymətlərin ciddi şəkildə azalması gözlənilir və bununla bağlı bir sıra açıqlamalar veriləcək. Rayt bildirib ki, Rusiyadan gələn dizelin itirilməsi ABŞ-də yanacaq təchizatında çətinlik yaradıb. Onun sözlərinə görə, Yaxın Şərq və Çindən gələn dizel tədarükündə də müəyyən azalmalar olub./yenisabah