Dollar Azərbaycanda “hörmətdən düşür” - səbəblər
Ekspert iyuldan etibarən ABŞ valyutasına tələbatın artacağını deyir, bank mütəxəssisi isə...
Son aylarda Azərbaycanda dollara tələbatın azalması müşahidə olunur. Mərkəzi Bankda Dövlət Neft Fondunun(ARDNF) iştirakı ilə keçirilən valyuta hərraclarında bankların dollar tələbində ciddi azalma var. İyunun 7-də keçirilən hərracda tələb 18,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, hərracda tələb olunan məbləğ 2022-ci ildə keçirilən hərraclarda qeydə alınan ən aşağı məbləğdir. İyunun 9-da keçirilən növbəti hərracda tələb 33,4 milyon ABŞ dolları olmaqla tam təmin edilib.
Məlumat üçün bildirək ki, cari ildə ən aşağı tələb mayın 26-da keçirilən hərracda olmuşdu. Həmin hərracda dollar alışının məbləği 24 milyon idi. Hərracların nəticələrinin təhlili göstərir ki, bu il dollara tələb zəifdir və tələbdə azalma may ayından bir qədər də güclənib. Belə ki, may ayında ARDNF-in hərraclarda valyuta satışının məbləği 288 milyon dollar təşkil edib. Bu, ötən ilin may ayına nisbətən 7,9 faiz, bu ilin aprel ayına nisbətən isə 47,5 faiz azdır. Aprel ayında valyuta hərraclarında 548,7 milyon dollar məbləğində xarici valyuta satılıb. Bu ilin yanvar-may aylarında Dövlət Neft Fondu ümumilikdə 2 milyard 461,1 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçiribB. u, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.
Dövlət Neft Fondu 2021-ci ildə valyuta hərraclarında 6 milyard 679 milyon dollar (2020-ci ilin göstəricisi ilə müqayisədə 8,6 faiz az) satıb. Ötən il fond tərəfindən hərraclarda xarici valyutanın orta aylıq satış göstəricisi 556,6 milyon dollar təşkil edib.
İyun ayının ötən dövrü ərzində Mərkəzi Bankda keçirilən 3 valyuta hərracında ümumilikdə 108 milyon dollar satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin 1-10 iyun aralığında Mərkəzi Bankda 4 valyuta hərracı keçirilib və 181,6 milyon dollar satılıb. Göründüyü kimi, cari ildə valyutaya tələb kəskin şəkildə azalıb.
Azalmanın səbəbləri kifayət qədər maraq doğurur. Çünki valyuta tələb olunan idxal həcmlərində azalma baş verməyib. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana 4 milyard 40,5 milyon dollar məbləğində məhsul xidmətlər idxal olunub. Bu, ötən ilin eyni dövründəkindən 500 milyon dollar artım deməkdir. Ötən ilin yanvar-aprelində idxalımız 3 milyard 529 milyon dollar təşkil etmişdi. İxracda artım az qala ikiqat olub - ötən ilin 4 ayında 6,4 milyard dollarlıq, bu ilin eyni dövründə isə 11,8 milyard dollarlıq məhsul ixrac etmişik.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda hər il may-iyun aylarına doğru dollara tələbatın azalması müşahidə olunur: “Əvvəlki illərə də nəzər salsaq, görərik ki, may-iyunda xarici valyutaya tələbat əvvəlki aylarla müqayisədə az olur. Bunun əsas səbəbi əvvəlki aylarda tələbatın yüksək olması ilə bağlıdır. Lakin bu vəziyyət uzun davam etməyəcək. İyulun ortalarından etibarən avqust-sentyabr aylarında dollara tələbat artır. Bu həm turizm mövsümü, həm də təhsil ilinin başlaması ilə bağlı baş verir. İnsanlar xaricə dincəlməyə gedirlər, eyni zamanda ölkəyə gələnlərin sayı artır və onların tələbatını ödəmək üçün daha çox mal və məhsul idxal edilir. Sentyabra doğru isə övladları xaricdə təhsil alan valideynlər təhsil haqqını ödəmək, övladlarının xaricdə yaşama haqqını təmin etmək üçün xarici valyuta alırlar”.
Qeyd edək ki, son həftələrdə dollara tələbatın artması daha gözlənilən proses idi. Belə ki, çoxsaylı ölkələrə uçuşlar başlandığına və sayı artdığına görə xaricə səfərlərin sayı da çoxalıb. Rəsmi statistikaya əsasən bu ilin yanvar-aprel aylarında 2021-ci ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olub. Bu zaman İrana gedənləri sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artıb. Ölkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər edib. Bu isə xarici valyutaya tələbi artıran faktorlardan biridir.
“Yeni Müsavat”a danışan bank sahəsində çalışan mütəxəssisin sözlərinə görə, əslində dollara tələb azalmayıb: “Ola bilməz ki, bütün yolların bağlı olduğu 2021-ci illə müqayisədə indi xarici valyutaya tələb azalsın. Rəsmi valyuta hərraclarında bankların dollar tələbinin azalması ümumilikdə Azərbaycanda tələbin azalmasının göstəricisi deyil. Məsələ burasındadır ki, banklara qoyulan qeyri-rəsmi qadağalar üzündən onlar aldıqları dolları reallaşdıra bilmirlər. Buna görə də Mərkəzi Bankdan az dollar almağa üstünlük verirlər. Çünki onun satışını tam rəsmiləşdirməli olurlar. Mövcud məhdudiyyətlər şəraitində isə bunu etmək çətindir”.
Müsahibimiz deyir ki, dollar alışına bir sıra ciddi məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərin bir qismi rəsmi - tənzimləyici orqan olan Mərkəzi Bankın yazılı təlimatları əsasında, bir qismi isə hər hansı ictimai açıq təlimat olmadan tətbiq edilir. Belə ki, rəsmi olaraq bir fiziki şəxsin şəxsiyyət vəsiqəsi təqdim etmədən ala biləcəyi xarici valyuta 500 dollar müəyyənləşsə də, artıq 1 dollar belə alandan da vəsiqə istənilir.
Bundan əlavə, ötən il Mərkəzi Bank kommersiya banklarına valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərin daha ətraflı məlumatlarının toplanılması barədə təlimat ünvanlayıb. Təlimata əsasən 500 dollardan yuxarı xarici valyuta almaq istəyən müştərilər xüsusi blankda öz məlumatlarını qeyd etməlidirlər. Blankda vətəndaşlardan onların şəxsi məlumatlarının - rəsmi gəlirindən tutmuş, valyuta almaq üçün zəruri olan vəsaitin mənbəyinə qədər çoxsaylı məlumatların qeyd olunması üçün bölmələr var.
Eyni zamanda vətəndaşlar kommersiya banklarında 20 min manat və ya daha çox pulu xarici valyutaya dəyişmək istəyən zaman çətinliklə üzləşir. Belə ki, banklar vətəndaşın istəyini həyata keçirmək üçün mütləq qaydada VOEN almağın gərək olduğunu deyir. Əks halda, vətəndaşın pulu dəyişdirilmir.
Bəs vətəndaşlar xarici valyutanı haradan alırlar?

Natiq Cəfərli
Müsahibimizin dediyinə görə, bu proses “qara bazar”da həyata keçirilir: “Çoxsaylı mağazalar var ki, onlar qeyri-rəsmi valyutadəyişmə məntəqəsi rolunu oynayırlar: istədiyin qədər dolları 1-2 qəpik bahasına ala bilirsən. Bu mağazalar geyim, bəzək, suvenir və sair satışı ilə məşğul olur. Eyni zamanda dollar alqı-satqısı həyata keçirirlər. Bu, ölkəyə gələn turistlərə də sərf edir. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırıldıqdan sonra valyuta mübadiləsi yalnız bank filial və şöbələrində mümkün olur. Onlarda da ciddi vaxt itkisi baş verir. Buna görə də ölkəyə gələn xarici vətəndaşlar otellərdə olan ”məlumatlı" əməkdaşların köməyi ilə rahatlıqla xarici valyutanı vaxt itkisi olmadan dəyişə bilirlər".
Məlumat üçün bildirək ki, Dövlət Turizm Agentliyi (DTA) mayda ölkəyə 137 491 xarici vətəndaşın gəldiyini açıqlayıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 166 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin mayında ölkəyə 51 637 əcnəbi gəlmişdi.
Cari ilin yanvar-may aylarında isə ölkəyə gələn xarici vətəndaşların sayı 468 170 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 118 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 214 628 əcnəbi daxil olub. Xarici vətəndaşlarını ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə Türkiyə (32 726), Rusiya (28 824), İran (16 139), Səudiyyə Ərəbistanı (8671) və Gürcüstan (6314) qərarlaşıb.
Mənbəmizin dediklərindən aydın olur ki, ölkədə xarici valyutanın banklardan kənarda kifayət qədər böyük həcmdə dövriyyəsi formalaşmaqdadır. Bu isə ciddi bir təhlükə mənbəyinin yaranması deməkdir. Əlaqədar dövlət qurumları xarici valyuta satışına tətbiq olunan rəsmi və qeyri-rəsmi maneələri aradan qaldırmasalar, “qara bazar”dakı dövriyyə sürətlə artaraq ümumilikdə iqtisadiyyat üçün təhlükəli səviyyəyə çatacaq.