📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dönərlə bağlı SƏRT QADAĞA: Nazirlik təcili hərəkətə keçdi - 2027-ci ilə qədər vaxt verildi

2026-09-16 16:47:05

Dönərlə bağlı SƏRT QADAĞA: Nazirlik təcili hərəkətə keçdi - 2027-ci ilə qədər vaxt verildi

Türkiyədə ət məhsullarının istehsalına dair yeni standartlar qüvvəyə minib. Bu standartlar dönər, kolbasa və qiymənin tərkibinə dair tələbləri sərtləşdirir.

Hurriyyet.media  xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bununla bağlı bildirişi rəsmi dövlət qəzeti olan "Resmi Gazete"nin son buraxılışında dərc olunub.

Yeni sənəd dönər, sucuk, kotlet, burger, qiymə, bastırma və qovurma da daxil olmaqla bir sıra məşhur məhsullarda doldurucu maddələrin tətbiqini qadağan edir.

İstehsalçılar və müəssisələr üçün 2027-ci il martın 31-dək keçid dövrü müəyyən edilib.

Yeni qaydalara əsasən, dönər hazırlanmasında istifadə olunan ətdən asılı olaraq üç kateqoriyaya bölünür.

Bütün kateqoriyalarda doğranmış qırmızı ət və qiymə payı normallaşdırılıb.

Həmçinin yağ və duz miqdarına da məhdudiyyətlər qoyulub. Belə ki, dönərdə ümumi yağ payı 25%-dən, duz 2%-dən çox ola bilməz, ət zülalı isə ən azı 12% təşkil etməlidir.

Dönər hazırlanarkən inqrediyent kimi qoz-fındıq və pendir, zülal tozları və zülal hidrolizatlarının tətbiqi qadağan edilib.

Müstəsna hal kimi yalnız süd, qatıq və yumurta zülallarına icazə verilir. Nişasta və soya məhsulları kimi doldurucular da qadağandır, ədviyyatlardan gələn nişasta və bitki zülalının payı isə 1%-dən çox olmamalıdır.

Kotlet və burgerlər üçün minimum ət zülalı səviyyəsi 10%, yağ məhdudiyyəti 25% və duz məhdudiyyəti 2% müəyyən edilib. Soya məhsulları və zülal əlavələri qadağan olunub, çörək, suxarı və ədviyyatlardan gələn nişasta və bitki zülalının payı isə 5% ilə çərçivələnib.

Sucuqda ümumi ət zülalı ən azı 15%, kollagen birəşdirici toxuma payı ümumi ət zülalının maksimum 20%-i, pH göstəricisi isə 5,4-dən yüksək olmamalıdır. Termik emaldan keçmiş sucuq üçün bu göstəricilər fərqlidir: zülal 13%-dən az olmamalı, kollagen isə maksimum 25% təşkil etməlidir.

Quş ətindən hazırlanmış qiymə və onun əsasındakı qarışıqlar artıq yalnız dondurulmuş şəkildə satışa çıxarıla bilər. Quş ətindən olan kotlet və burgerlərdə zülal ən azı 10%, yağ maksimum 15% olmalıdır. Quş ətindən hazırlanan dönərdə yağ 15%, duz 2% ilə məhdudlaşdırılır, zülal isə ən azı 14% olmalıdır.

Ayrıca tələblər etiketlərə də şamil edilir. Xüsusən də məhsulların tərkibində artıq onların hazırlanmasında istifadə olunan heyvan mənşəli yağın mənbəyi göstərilməlidir.