📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dost Agentliyi sosial müavinət ala bilməyən vətəndaşın müraciətinə cavab verdi

2021-12-29 13:33:00

Dost Agentliyi sosial müavinət ala bilməyən vətəndaşın müraciətinə cavab verdi

Binəqədi rayonu, İsfahani küçəsində yaşayan Rzayeva Xalidə Zirəddin qızı "Hürriyyət"ə müraciət edərək acınacaqlı vəziyyətdə yaşadığını bildirib. Redaksiyamıza daxil olan şikayətlə bağlı əvvəl də saytımızda yazı yayımlanıb. Belə ki, o aylardır sosial yardım ala bilmədiyini deyir. Şikayətçi dəfələrlə Dost Agentliyinə müraciət etsə də ona qaz limitini keçdiyinə görə sosial müavinətin verilməyəcəyi deyilib:

"İki övladım var. Yoldaşım rəhmətə gedib. Övladlarımı tək böyüdürəm. Sosial yardımla bağlı Dost Agentliyinə müraciət etmişəm. Lakin müraciətimə baxılmır. Əvvəl 160 azn sosial yardım verilirdi. Özüm də restoranda xadimə işləyirəm. Hazırda sosial yardım ala bilmədiyimə görə acınacaqlı vəziyyətdə yaşayırıq. Müraciətimə cavab olaraq bildirilir ki, mən qaz limitini keçmişəm. Axı bu mənim günahım deyil...Buna görə sosial yardımı niyə kəssinlər axı?...Qabaqdan bayram gəlir, lakin mənim övladlarım bayramı acınacaqlı vəziyyətdə qeyd edəcəklər. Xahiş edirəm, aidiyyatı orqanlardan mənə köməklilk etsinlər".

Məsələ ilə bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən "Hürriyyət"ə bildirilib ki, vətəndaşın müraciəti ilə bağlı araşdırma aparılmış, araşdırma nəticəsində bir sıra imtina səbəblərinin olduğu aşkar edilib:

"Sizin sorğunuza əsasən, məsələ araşdırılmış və vətəndaşa Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) təyin olunmamasının bir neçə səbəbi üzə çıxmışdır. Vətəndaş cari ilin dekabr ayının 3-də ona ÜDSY təyin olunması ilə bağlı müraciət edib. Vətəndaş tərəfindən daxil olan müraciət ətraflı araşdırılıb. Ona ÜDSY təyin etməyin mümkün olub-olmadığını öyrənmək məqsədi ilə müxtəlif qurumların bazalarından məlumatlar dəqiqləşdirilib. Araşdırma nəticəsində bir sıra imtina səbəblərinin olduğu aşkar edilib.

Səbəblərdən biri vətəndaşın kommunal və rabitə xərclərinin müəyyən edilən normadan yüksək olmasıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması halında ÜDSY ilə bağlı müraciətə imtina cavabı verilir.

Digər səbəb isə vətəndaşın iki ailə üzvünün aylıq sosial müavinət alan şəxs olduğu halda, müraciətdə bu məlumatın öz əksini tapmamasıdır. Bununla yanaşı, imtina səbəblərindən biri də ÜDSY üçün müraciətdə ailə üzvlərindən biri barədə olan məlumatın təhrif edilməsidir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, vətəndaşa ÜDSY-nin təyin olunmasından vahid elektron müraciət və təyinat alt sistemi (VEMTAS) tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir".

YƏHYA