Dövlət Komitəsi İrana casusluq edən şəbəkələrin ifşa edilməsinə münasibət bildirib - "Xaricdə dini təhsil almaq özünü doğrultmur"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda İran hökumətinə işləyən casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirib.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub.
"Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək", - o qeyd edib.
Komitə sədrinin müavini söyləyib ki, İran tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil: “Müstəqilliyimizin ilk illərindən başlayaraq belə hallar baş verir”.
"Təcrübə onu göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.
Sədr müavini fikrini onunla izah edib ki, həmin ölkələrdə verilən təhsil özlərinin siyasətinə xidmət edir, orda təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar:
"Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat Universiteti fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır". (report)