Dövlət quruculuğumuzda qadınlarımızın rolu və fəallığı - FOTO
“Azərbaycan dövlət quruculuğunda qadınlarımızın rolu və fəallığı”. Bu başlıqlı tədbir Masallı rayonunda təşkil olunmuşdu. Ağsaqqallar klubunda “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə baş tutan tədbirin təşkilatçısı da elə Rayon Ağsaqqallar Şurası idi.
Tədbiri açan Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev qadınları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etdi və “Azərbaycan dövlət quruculuğunda qadınlarımızın rolu və fəallığı” mövzusunda geniş məruzəsində dedi:- Azərbaycan qadını hər zaman layiq olduğu şərəfli, müqəddəs ana adını uca tutmaqla müdrikliyi, ictimai-siyasi, mədəni həyatda fəallığı, işgüzarlığı və mübarizliyi ilə seçilib. Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi də ən böyük tarixi hadisədir. Azərbaycan qadını görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim adını qazanaraq, dövlətçilik tariximizdə mühüm rol oynayıb. Respublikamız dövlət müstəqilliyi dövründə ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmasına müstəsna əhəmiyyət verirdi. Məhz bunun nəticəsidir qadınlarımız təkcə respublikada deyil, ölkəmizin hüdudlarından kənarda apardıqları dövlət əhəmiyyətli çoxşaxəli fəaliyyət proqramlarının yüksək səviyyədə həyata keçirilməsinə görə tanınır və beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.
Digər çıxışçılar- Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Nuranə Muradova, iki şəhid atası Bayram Əsgərov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Ağsaqqallar Şurası İdarə heyətinin üzvü Nailə Əsədullayeva, Ağsaqqallar Şurasının Ərkivan qəsəbəsi üzrə nümayəndəsi Mirəyyub Əliyev, Şura üzvü, şairə Meysaba Aslanova, Rayon Mərkəzi Kitabxanasının direktor əvəzi Zamin Məmmədov xanımları bayramla əlaqədar təbrik etdilər, hazırda qadınlarımızın müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurları olmasını dedilər.
Tədbirdə iştirak edən qadınlara bayram münasibətilə qiymətli hədiyyələr verildi.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


