Dövlət qurumunun sabiq rəis və işçilərindən milyonluq yeyinti - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Azərbaycan Auditorlar Palatası üç sabiq əməkdaşının cinayət məsuliyyətinə cəlb edilməsi barədə açıqlama verib.
Hurriyyet.az xəbər verir ki, qurumdan Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxili araşdırma zamanı 2018-2023-cü illər ərzində Maliyyə və Texniki Təminat İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib.
Bunu nəzərə alaraq palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib:
“Məsələnin araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tamamlanıb. Cinayət işi müvafiq məhkəmədə baxılmaq üçün təqdim ediləcək”.
***
Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.
İlkin məlumata əsasən, mənimsənilən məbləğ bir milyon manatdan çoxdur.
Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.