📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dövlət Vergi Xidməti rəqəmsal transformasiya sahəsində digər qurumlardan xeyli geri qalır" - OSMAN GÜNDÜZ

2023-11-29 13:48:45

"Vergi ödəyicilərinin canı vergi bəyannamələrinin, hesabatların verilməsi ilə bağlı köhnəlmiş sistemdən, köhnə şəxsi kabinetlərdən nə zaman qurtaracaq, bəlli deyil"

"Dövlət Vergi Xidməti (DVX) korrupsiya ilə mübarizə mövzusunda görüş keçirib. Əlbəttə, hər bir dövlət qurumu üçün bu mövzuda tədbirlər faydalıdır. Amma fikrimcə, indiki anda DVX-dən gözləntilər fərqlidir. Bilmirəm, bu qurumda ictimai müzakirə prioritetlərini kim müəyyən edir. Düşünürəm ki, indiki zamanda DVX-dən gözləntilər rəqəmsal transformasiya, xeyli müddətdir ki, elan edilən, lakin hələ də ortalıqda olmayan rəqəmsal həllərlə bağlıdır". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Onun fikrincə, indiki anda Dövlət Vergi Xidməti nəzdində uzun müddətdir fəaliyyət göstərdiyi bildirilən Rəqəmsal Transformasiya Şurası ilə görüş daha maraqlı və faydalı ola bilərdi: "DVX fərqindədirmi ki, uzun illər elektron xidmətlər və onlayn şəffaflıq sahəsində öndə gedən qurum artıq rəqəmsal transformasiya sahəsində digər dövlət qurumlarından xeyli geri qalır. DVX-də rəqəmsal transformasiyaya son zamanlar xeyli resurslar ayrıldığı bildirilsə də, hələlik onların nəticələrindən ictimaiyyət, vergi ödəyiciləri xəbərsizdir. Vergi bəyannamələrinin, hesabatların verilməsi ilə bağlı köhnəlmiş sistemdən, köhnə şəxsi kabinetlərdən nə zaman vergi ödəyicilərinin canı qurtaracaq, bəlli deyil. Hazırlanmaqda olduğu bildirilən yeni sistem nə zaman istifadəyə veriləcək? Nə zaman mobil sektorda ASAN imzanın hökmranlığına son qoyulacaq və SİMA imza da vergi sisteminə interqasiya olunacaq? DVX rəsmiləri İnternet Vergi İdarəsindən daha effektiv istifadə imkanları yaradılacağını, mobil tətbiq hazırlanacağını bildirirdi. Amma hələlik ortada heç nə yoxdur".

Azərbaycan İnternet Forumunun prezidenti hesab edir ki, inteqrasiya sahəsində problemlər qalır: "Fikrimcə, bu tip məsələlər indiki anda daha aktualdır və daha çox ictimai əhəmiyyət kəsb edir. Qurumda xeyli, nəhəng data toplanıb. Bu data üzərində müasir yanaşmalarla, süni intellekt əsaslı yeni xidmətlər yaratmaq olardı. Eyni zamanda, qurum bu datanın müəyyən hissəsini biznes, startap ekosistem üçün də açıq edə bilərdi ki, biznes sektoru daha ağlabatan qərarlar qəbul etmək, daha faydalı rəqəmsal həllər yaratmaq üçün bu datadan sitiafdə etsin. Düşünürəm ki, ilk növbədə vergi ekosistemi ölkədə gedən rəqəmsal transformasiyaya uyğunlaşdırılmalıdır. Hansı ki, əvvəllər biz bu qurumda uzun illər bunun şahidi olmuşuq və qurum bu sahədə öndə gedib. Yəni, dediyim odur ki, DVX-dən indiki anda gözləntilər, ictimai əhəmiyyət kəsb edən məsələlər fərqlidir. Ümid edirəm ki, DVX rəqəmsallaşma sahəsində öz ənənələrini davam etdirəcək, rəqəmsal mühitlə bağlı məlumatlandırmanı və onlayn şəffaflığı daha da gücləndiriəcək, daha effektiv və faydalı rəqəmsal həllər ortaya çıxara biləcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az