Dünən Kələntəryan, bu gün Aqasandyan - Moskvanın erməni diplomatları İrəvanı dilə tutmağa çalışırlar
Hurriyyet.az xəbər verir ki, Rusiya XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mikael Aqasandyan "RİA Novosti" informasiya agentliyinə müsahibəsində İrəvanın ABŞ və Avropa İttifaqı üzündən Avrasiya İqtisadi İttifaqında iştirakdan imtina etməyəcəyinə Moskvanın ümidvar olduğunu bildirib.
Onun sözlərinə görə, Vaşinqton ilə Aİ yalnız "işıqlı gələcəyə" investisiyalar qoymaqla bağlı şirin vədlər verirlər. Diplomat qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Moskva ilə İrəvan arasında münasibətlər isə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır.
Aqasandyan deyib: "Aşkar görünəni müşahidə eləmək üçün iqtisadiyyat və ya siyasət sahəsində ekspert olmaq lazım deyil - ittifaq İrəvana faydalıdır, bir çox halda məhz onun sayəsində Ermənistanda sanballı müsbət dinamika müşahidə edilir".
Xəbər verdiyimiz kimi, dünən RF xarici işlər naziri Sergey Lavrov Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı razılaşmaları sabotaj etməsindən danışmışdı.
Hürr Tərcüman