📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya Bankının rəsmisi: Azərbaycan regional iqtisadi əməkdaşlıq üçün mühüm imkanlara malikdir

2026-10-02 16:01:17

Dünya Bankının rəsmisi: Azərbaycan regional iqtisadi əməkdaşlıq üçün mühüm imkanlara malikdir

"Azərbaycan regional iqtisadi əməkdaşlıq üçün mühüm imkanlara malikdir".

Hurriyyet.net  xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Simone Pryce Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun “CAMCA-nın inkişaf potensialının reallaşdırılması: Regional əməkdaşlığın siyasi əsasları” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O, Azərbaycanın çox sabit iqtisadi mövqeyə malik olduğunu, böyük maliyyə ehtiyatlarının, aşağı dövlət borcunun və ehtiyatlı fiskal və monetar siyasətin mövcudluğunu vurğulayıb.

“Bu, çox uğurlu iqtisadiyyatdır. Biz bunu küçələrdə gəzərkən də görə bilərik”, - Dünya Bankının rəsmisi bildirib.

Rolande Simone Pryce qeyd edib ki, Cənubi Qafqazın coğrafi mövqeyi, təbii sərvətləri və tarixi regionu böyük imkanlarla yanaşı, mühüm geosiyasi əhəmiyyət də yaradır.

“Cənubi Qafqaz Mərkəzi Asiya ilə Avropa arasında kəsişmə nöqtəsində yerləşir. Bu coğrafi mövqe, təbii sərvətlər və regionun tarixi onu geosiyasi baxımdan mühüm mövqeyə gətirir”, - o deyib.

Dünya Bankının rəsmisi regionun potensialının infrastrukturun inkişafı, siyasət islahatları və regional əməkdaşlığın paralel şəkildə irəliləməsi ilə reallaşa biləcəyini bildirib.

O, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun region ölkələrinin iqtisadi inkişafı üçün praktiki əməkdaşlığın mühüm nümunələrindən biri olduğunu vurğulayıb.

“Birlikdə güc var, əməkdaşlıq isə uğur gətirir”, - Rolande Simone Pryce əlavə edib.