📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dünya kritik və tarixi mərhələdən keçir" - ŞAHİN CƏFƏRLİ

2022-02-23 11:37:00

"Ukrayna müqavimət göstərəcək və döyüşsüz heç bir yerdən çəkilməyəcək"

"ABŞ Rusiyaya qarşı iqtisadi savaşın startını verdi. Bayden hökumətinin əsas uğuru budur ki, Avropa Birliyi ilə Asiyadakı müttəfiqlərini (Yaponiya, Tayvan, Sinqapur) bu məsələdə öz ətrafında birləşdirməyə nail olub. Bu, çox güclü və çox geniş demokratik koalisiyadır. Xüsusən Tayvan dünyadakı əsas çip (mikrosxem) istehsalçısı olaraq kritik önəmə sahibdir. Rusiyanı bütün müasir texnoloji məhsullarda, o cümlədən hərbi sənayedə istifadə olunan çiplərdən məhrum edərək orta əsrlərə qaytarmaq nəzərdə tutulur". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçinin sözlərinə görə, hələlik hazırlanmış sanksiya paketinin ilk mərhələsi tətbiq olunub: "Amma rusiyalı bəzi yüksək vəzifəli məmurların uşaqlarının, hətta ÇSKA (Mərkəzi Ordu İdman Klubu-red.) futbol klubunun hədəf alınması maraqlı detaldır. Rusiyanın Qərb maliyyə bazarlarından təcrid edilməsi və Merkel-Putin cütlüyünün "Şimal axını-2" layihəsinin dayandırılması ilk mərhələnin ən önəmli qərarıdır. Sonrakılar, vəziyyətdən asılı olaraq daha sərt olacaq".

Ukrayna prezidenti Vladimir Zelenskinin rezervistləri orduya çağırdığını deyən Şahin Cəfərli qeyd edib ki, hərbi büdcə də artırılır: "Bu gün Putin faktiki olaraq Ukraynanın bir dövlət kimi ləğv olunması tələbini qoydu. Ukrayna müqavimət göstərəcək və döyüşsüz heç bir yerdən çəkilməyəcək. Dünya kritik və tarixi mərhələdən keçir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az