📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya nəhənglərində kütləvi ixtisarlar – “Meta”, “Amazon”, “Google” on minlərlə işçini qovur

2023-03-15 16:12:00

Dünya nəhənglərində kütləvi ixtisarlar – “Meta”, “Amazon”, “Google” on minlərlə işçini qovur

“Facebook”, “Instagram” sosial şəbəkələri və “Whatsapp” messencerinin sahibi “Meta Platforms” 10 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb. “Meta” ötən noyabrda 11 min işçini ixtisara salmışdı.

Hurriyyet.az xəbər verir ki, “Meta Platforms”un rəhbəri Mark Zukerberq əməkdaşlara müraciətində yazıb ki, ixtisarlar “ağır” olacaq.

Şirkət rəhbərliyi 5 min vakansiyaya işçi götürməkdən imtina qərarı verib.

Zukerberq hesab edir ki, “Meta”nın gəlirinin kəskin azaldığı 2022-ci il şirkət üçün ayıldıcı və həyəcanlı siqnal olub.

Onun fikrincə, yeni iqtisadi reallıq uzun illər qalacaq. Daha öncə “Meta” bildirmişdi ki, 2022-ci ilin son rübündə şirkətin gəliri 4% azalıb, ancaq il boyunca 23 milyard dolları keçib.

Bu gün – martın 15-də işəgötürmə bölmələrinə ixtisarlar haqda bildirişlər göndəriləcək. Aprelin sonunda texniki bölmələrdə, mayın sonuna isə biznes bölmələrində ilk ixtisarlar aparılacaq.

Zukerberqin müraciətinin bir hissəsi “Meta”nın texniki işlərinin ofis rejiminə qayıtmasına həsr olunub. Şirkət rəhbərinin dəyərləndirməsəinə görə, karyerasının ilk mərhələlərində mühəndislər həftədə azı 3 dəfə ofisə gələndə daha effektli işləyirlər.

Meta – IT sektorunda işçilərini ixtisar edən yeganə şirkət deyil. Google-un sahibi “Alphabet” şirkəti artıq 12 min nəfəri ixtisara salıb. “Amazon” isə bildirib ki, iqtisadiyyatda qeyri-müəyyənlik səbəbindən 18 min işçi ixtisar olunacaq.layoff.fyi saytının məlumatına görə, 2023-cü ildə IT sektorunda 128 mindən çox əməkdaş ixtisar olunub.

Azpolitika.info