📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dünya özünü məhv etməyə doğru gedir" - NATİQ CƏFƏRLİ

2024-01-05 15:06:21

"2-cü dünya savaşından sonra alınan qərarlar və 1975-ci il Helsinki aktının müddəaları artıq işləmir, beynəlxalq hüquq çöküb, yeni "oyun qaydaları" lazımdır, başqa yol yoxdur"

"Dünyanın başı çoxdan xarab olub, amma son 5 ildə, ümumiyyətlə, beynəlxalq hüquq, məntiq, insan haqq və azadlıqları – hər şey məhv olub. “Pandemiya” zamanı insanların hüquqlarını məntiqsiz və cinayətkarcasına o qədər tapdaladılar ki, bu günə qədər demokratiyanın dayağı sayılan ölkələr belə, cınqırını çıxartmadı. Sərt qapanmalar, mənasız qadağalar, iqtisadiyyatın çökdürülməsi, logistik xəttlərin dağıdılması, zorla vaksinləşmə - bütün bunlar dünyada elə bir problemlər yaratdı ki, indi ancaq qlobal xaosu yaradıb-dəstəkləməklə bu cinayətlərin üzərini qapatmağa çalışırlar. Hara baxırsan münaqişə, müharibələr, insan ölümləri – bu qədər də olmaz, dünya özünü məhv etməyə doğru gedir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib. 

Politoloq qeyd edib ki, Rusiyanın vəhşi təcavüzü, Ukrayna kimi ölkənin darmadağın olması, Qərbin Ukraynaya yardımlarının azalması fonunda Kiyevin güzəştlərə məcbur edilməsi, Yaxın Şərqdə, Qazzada insanlıq adına rəzalət olan kütləvi qətllər, hibrid-proksi müharibələr, bütün bunlar azmış kimi indi də Şimali Koreya sağa-sola raket atır, Çin Tayvanın işğalına hazırlaşır, İordaniya Suriyanı bombalayır, 21-ci əsrdə dəniz quldurlarının gəmilərə hücum edir, Venesuela qonşu ölkənin ərazisini zəbt edir, Avropa axmaq qərarların, miqrant probleminin içində boğulur, Afrika ölkələrində həftədə bir dövlət çevrilişləri olur: "Yəni, xaosun daha buynuzu olmur ki?! Dünya ayılmalıdır, 2-cü dünya savaşından sonra alınan qərarlar və 1975-ci il Helsinki aktının müddəaları artıq işləmir, beynəlxalq hüquq çöküb – yeni “oyun qaydaları” lazımdır, başqa yol yoxdur. Dünyanın aparıcı ölkələri məsuliyyətlərini hiss edib yeni masa qurmalı, bütün problemlərin masada çözülməsinə çalışmalı, ən azı 50-60 il işlək olacaq, heç kim tərəfindən pozulmasına imkan verilməyəcək yeni qaydalar müəyyənləşməli, beynəlxalq hüquq toxunulmaz şəkildə bərqərar olunmalıdır. Zatən sonda məhz belə olacaq, yaxın 1-2 ildə o masa qurulacaq, amma o vaxta qədər hər gün minlərlə insan öləcək – olmaz belə, insan övladı öz azadlığı, hüquqları uğrunda minillərlə vuruşub, qazanıb, bunlardan ən vacibi yaşamaq hüququdur, bir ovuc beynəlxalq dələduzun insanın övladının əlindən yaşamaq hüququnun alınmasına imkan vermək olmaz".

REAL-ın icra katibi hesab edir ki, dünyada təhlükə insanların say artımı deyil, dünyanın resurları 100 mlrd. insana da bəs edər: "Əsas təhlükə beynəlxalq dələduzlar, bir qrup “manyakdır” ki, bəşəriyyəti saxta gündəmlərlə məşğul edib insan haqq və azadlıqlarını boğmağa çalışırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az