📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dünya sərt karantinlərdən bezib" - VÜQAR BAYRAMOV

2022-02-03 14:46:00

""Omikron" virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil"

"Azərbaycanda COVİD-19 (Omikron) virusuna yoluxma sayı 6 minlik psixoloji həddi keçdi. Əslində, "Omikron" virusunun yoluxma tezliyini nəzərə alsaq, bu gözlənilən idi". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.  

"Yenidən iqtisadi sektorda qapanmalar ola bilərmi? "Lock-down" tədbirlərinə ehtiyac varmı?" suallarını cavablandıran millət vəkili bildirib ki, son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artımlar müşahidə olunur: "Dünən Rusiyada 141 min 883, Türkiyədə 110 min 682, Gürcüstanda 26 min 320 virusa yoluxub. ABŞ və Fransada isə gündəlik yoluxma sayı 300 mindən çoxdur. Bütövlükdə, dünən dünyada 3 milyondan çox insanda virus aşkar olunub. Göründüyü kimi, əksər ölkələrdə yoluxma sayları rekord səviyyədədir. Buna rəğmən, artıq bir sıra ölkələr karantin rejiminin ləğv edilməsi və ya tamamən yumşaldılması kimi qərarlar qəbul edirlər. Bu isə ondan xəbər verir ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də ölkələr “lock down” qərarlarının qəbulunda ehtiyatlıdırlar".

Azərbaycanın yumşaq karantin rejimini tətbiq edən ölkələrdən olduğunu vurğulayan CESD sədri hesab edir ki, "Omikron" virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil: "Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir. Bu baxımdan, sərt karantın tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az