Dünyada narkotik istifadəçilərinin sayı 300 milyon nəfərə çatır
Hurriyyet.az “Döyçe Velle” portalına istinadla xəbər verir ki, sintetik narkotik istehsalının artması fonunda dünyada narkotikdən istifadə edənlərin sayı 10 il ərzində 23% artıb – 2011-ci ildə onların sayı 240 milyon olduğu halda, 2021-ci ildə 296 milyon nəfər olub. Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin hesabatında məlumat verilir.
Narkotikdən istifadəçilərin sayınına artması qismən planetin əhalisinin sayının artması ilə əlaqədar olsa da, digər mühüm faktorlardan biri sintetik narkotiklərin həddən artıq yayılmasıdır. Hesabatda yazıldığına görə sintetik narkotiklərin “ucuz, asan və sürətlə hazırlanması” qara bazarda radikal dəyişikliyə səbəb olub. Hesabatların müəllifləri fentanil preparatını nümunə gətirirlər – 2021-ci ildə Şimali Amerikada bu opium analgetikinin dozasının artıqlığından təqribən 90 minə yaxın ölüm halı rəsmən qeydə alınıb.
Hesabatda əhalinin ən zəif bəndinin gənclər olduğu bildirilir. Afrikada narkotik asılılığından müalicə alan insanların 70 faizi 35 yaşından cavan olanlardır. Eyni zamanda, narkotik asılıığı olan insanların cəmi 20 faizi müalicə alır.
Qeyd edək ki, yuxarıda göstərilən hesabat rəsmi rəqəmlərə əsaslanıb, aysberqin görünən hissəsidir. Bəşəriyyəti cənginə alan bəlanın gerçək miqyası aysberqin görünməyən tərəfidir. Hər bir narkomanın həyat tərzinin onun ailə üzvlərini və yaxınlarını da zəhərlədiyi nəzərə alınsa, bu səssiz müharibənin qurbanlarının nə qədər çox olduğu dəhşət doğurur.
Hürr Tərcüman
