Dünyanın türklük qorxusu
Dünya tarixinin yazılı qaynaqlarının məlumatına görə, indiyə qədər türklər 114 dəfə dövlət qurmuşlar. Maraqlıdır ki, dövlət yaratmaqda çox bacarıqlı olan türklər həmin dövlətlərini ya öz əlləri ilə dağıtmış, ya da onların yox olmasının başlıca səbəbkarı elə özləri olmuşlar. Hun türklərinin eramızdan öncə, 1760- cı ildə müstəqil dövlətləri olduğu və bu dövlətin 2 min ildən artıq öz varlığını sürdürdüyü barədə Çin qaynaqlarında bilgilər vardır. Kuman, Saka, Göktürk, Tabqac, Xəzər, Toha, Qarluq, Peçeneq, Bulqar və onlarca digər türk boyları tarixdə iz qoymuşlar. Türklərin 16 impetatorluğunun olması bir gerçəkdir, amma, Səfəvilər, Məmlüklər, Əyyubilər, Baburilər və Qutluq dövlətləri də bu siyahıya əlavə edilsə, imperatorluğun sayı 21-ə yüksələr.
Türklərin hərbi qüdrəti ilk növbədə onlarla qonşu dövlətləri qorxuya salmışdı. Məhz bu səbəbdən İslam Peyğəmbərinin öz tərəfdarlarına söylədiyi “Türklər sizdən uzaq durduqca türklərdən uzaq durun” xəbərdarlığı məşhurdur.
Türklər tarixdə çox millətlərlə— çinlilərlə, farslarla, ərəblərlə, yunanlarla, ruslarla, italyanlarla, ingilislərlə, fransızlarla, ispanlarla, isveçlərlə və digərləri ilə döyüş meydanlarında dəfələrlə vuruşmuşlar. Demək olar ki, dünya millətlərinin əksəriyyətində türk əsgərlərindən bir ömürlük həzin xatirələr qalmışdır.
Sultan Mehmet Fatihin komandanlığı ilə türk ordusunun 29 may 1453-cü ildə Şərqi Roma— Bizans imperiyasının varlığına son verməsi ilə dünyanın orta əsr çağı tamamlanmışdı. Türklərin hərbi gücünə tab gətirməyən Avropa dövlətləri o zamandan ideoloji antitürk hərəkatına başlamışlar. Avropa ölkələrinin kilsələrində “missa contra Turcos- Türklər əleyhinə ayinlər-adlanan tədbirlər keçirilməsinə start verilmişdi. Bu dini mərasimlərdə dinləyicilərə türklərin qəddarlığı haqqında moizələr oxunur və onlara təlqin edilirdi ki, türklərə ancaq xristian biriyi sayəsində qalib gəlmək olar ( Bax: A. Kirkman. The cultural life of the early polyphonic mass. Cambridge University press, 2010, p. 121).
Türklər öz ərazilərini genişləndirdikcə avropalılar da eyni templə antitürk təbliğatının vüsətini artırırdılar. Məsələn, XVI əsrdə Avropa ölkələrində türklərin əleyhinə təqribən 2500 yazı nəşr olunmuşdu. Bunlardan minə qədəri alman dilində yazılmışdı. Məqsədi türklərə qarşı hamıda kin və nifrət hissi aşılamaq olan bu yazılarda türklər qəddar, mədəniyyət düşməni və cahil olaraq təqdim olunurdular. Məsələn, 1683-cü ildə Avstryanın paytaxtı Vyana şəhərindəki Müqəddəs Stefan kafedral kilsəsinin (St. Stephen's Cathedral ) girişində türklərə qarşı xaç yürüşündə iştirak etmiş katolik rahibi Covanni Kapistranonun (1386- 1456) heykəli qoyulmuşdur. Rahibin ayaqlarının altında cahadda ağır yaralanmış, can verən türk döyüşçüsü var. Heykələ türklər və islam Peyğəmbəri haqqında çox ağır, təhqiramiz yazı da həkk olunmuşdur. Həmin yazı 1945-ci ildən sonra mərmər həykəldən silinmişdir ( Bax: Andre, Gingrich (April 2015). "The Nearby Frontier: Structural Analyses of Myths of Orientalism").
Avropada, xüsusən Almaniyada, kilsə islahatçısı kimi tanınan, lütəryanlığın banisi sayılan Martin Lüter (1483- 1546) o dönəmlərdə qızğın şəkildə tərklər əleyhinə təbliğat aparanlara başçılıq etmiş, xristianlığı yox etmək işində türkləri İblisin yardımçısı, Dəccalın müttəfiqi saymışdır ( Bax: Foley Sean. "Muslims and Social Change in the Atlantic Basin". Journal of World History. 20 (3), 2009, p. 377 ).

Osmanlı sultanı IV Mehmedin zamanında (1642- 1687) Avstriya, Venetsiya və Polşa birləşərək Osmanlıya qarşı hücum etmiş, 1683-cü ildə bir sıra yerləri ələ keçirdikdən sonra Avropa xalqları öz karnavallarında geyindikləri qiyafətlərlə türkləri təhqir etməyə başlamışdılar. Məsələn, isveçli keşiş Erland Driseliusun 1694-cü ildə nəşr olunan kitabında türklər xristianlığın qəddar düşməni olaraq təsvir edilmişdi. (Bax: Turkey, Sweden and the European Union. Stockholm, April 2006, p. 7). 1795-ci ildə İsveç məktəbliləri üçün nəşr olunan kitablarda türklərin dini etiqadları və Qurani-Kərim haqqında iftiralar əks etdirən məlumatlar verilmişdi.
Avropa dövlətləri Osmanlı dövlətinə qarşı çıxış edən bolqarlar, serblər, xorvatlar, polyaklar, yunanlar, ermənilər, çernoqoriyalılar, albanlar, çexlər və digər etnik qrupları açıq-aşkar dəstəkləyir, bütün mümkün vasitələrlə dünya ictimaiyyətində türklər əleyhində müntəzəm kampaniya aparırdılar. Bu işdə din xadimləri, ədəbiyyatçılar, rəssamlar və bəstəkarlar fəal mövqe tuturdular. Çarlz Darvin, Cüzeppe Qaribaldi, Vilyam Şekspir, Oskar Vayld, Migel de Servantes, Viktor Hüqo, Fyodr Dostayevski, Corc Bayron, Ernest Heminquey kimi tanınmışlar öz oxucularına türklük qorxusu körükləyənlərdən olublar. Məsələn, türklər haqqında ağır ifadələr işlətmiş ispan yazıcısı Migel de Servantes (1547- 1616 ) 7 oktyabr 1571-ci ildə baş vermiş İnebahtı dəniz döyüşündə ( ispan qaynaqlarında- Batalla de Lepanto ) türklərə qarşı vuruşanda sol qolundan yaralanmış və 5 il əsirlik həyatı yaşamışdır. Türklərə qarşı vuruşacaq xaçlı yürüşünə kapitan rütbəsində könüllü olaraq qatılan Migel de Servantes “Don Kixot” əsərində “xunxar türklər”dən qisas almaq fürsəti yaxaladığı üçün taleyinə minnətdar olduğunu yazmışdır. Türklərlə döyüşdə sol qolunu itirən Servantes ömrünün axırınadək “El manço Lepanto- İnebahtı əlili” ayaması daşımışdır.
“Səfillər” əsəri ilə tanınan fransız ədibi Viktor Hüqo (1802- 1875), “Uşaq” (“L’Enfant” ) şeirində türklərin, guya, barbar olduğunu isbatlamaq istəmişdir: Türklər keçib ordan, hər yer darmadağın, matəm içində (Les turcs ont passe là. Tout est ruine et deuil). Fransız ədibi və filosofu Volter ( əsl adı: Fransua – Mari Arue idi—1694- 1778 ) Rusiya-Osmanlı müharibəsində ( 1768- 1774 ) rus imperatriçası II Yekaterinaya yazdığı məktubda “Ülya həzrətləri, türkləri öldürərək mənə yenidən həyat verirsiniz. Siz Avropanın gücünü aldınız. Türk dilini və bu dildə danışanları Avropadan sürgün etmək gərəkdir. Türklərin hamısının kökünü qazıldığını görmək istərdim” ifadələri və bundan daha ağır fikirlər bildirmişdir. Prussiya kralına yazdığı məktubda isə həmin filosof “Yunanıstana zülm edən türklərdən hər zaman nifrət edəcəyəm” – deyə bəhs etmişdir.
Başqa bir fransız ədibi və filosofu Şarl Lui Monteskyö də (1689- 1755) türklərə qarşı həqarət dolu sözlər sərf etməkdən çəkinməmişdir. Onun İsveçrədə imzasız nəşr etdirdiyi “Qanunların ruhu haqqında” (De l’esprit des loix ) traktatında türklər barədə böhtan və iftiralar dolu fikirlər əks olunmuş və türkləri “dünyanın ən çirkin insanları” şəklində təsvir etmişdir. İngilis romantizminin öncüllərindən Corc Bayron (1788- 1824) türklərə qarşı vuruşub türk qanı axıtmaq üçün könüllü olaraq yunanlar tərəfdən savaşa qatılmışdı.
Psixi problemləri olan, əyyaş həyat tərzinə düşkün rus yazıçısı F. M. Dostayevki (1821- 1861) “Karamazov qardaşları “əsərində bir nəfər bolqardan eşitdiyi sözlərə inanaraq türklərin bolqarları yandırdıqlarını, doğradıqlarını, qadınlara və uşaqlara təcavüz etdiklərini, məhbusları qulaqlarından hasara mıxladıqlarını yazmışdır ("Турки жгут, режут, насилуют женщин и детей, прибивают арестантам уши к забору).

Kommunizmin banilərindən sayılan Fridrix Engels ( 1820- 1895 ) Kiçik Asiyada məskunlaşan türklərə qarşı öz nifrətini açıq şəkildə bildirməyə tənbəllik etməmişdir:“Avropanın ən gözəl torpaqları mədəniyətsizlərdən qurtulacaqdır”.
Yeri gəlmişkən, I Dünya müharibəsi zamanı, 11 yanvar 1915-ci ildə Moskvadakı Tver meydanında təşkil olunmuş “Slavyan günü” mitinqində coşan mitinq iştirakçıları çar II Nikolaydan Çarqradı ( yəni, İstanbulu ) ələ keçirməyi, İstanbuldakı Aya Sofyanın qübbəsinə xaç sançılmasını təmənni edirdilər. Şəkildə “Крест на Святую Софию” transparantı diqqət çəkir. Tver meydanıdakı heykəl isə 1877-1878 Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı hesab edilən general Mixail Skoblevin heykəli idi. V. İ. Leninin əmri ilə bolşeviklər o heykəli 1 may 1918-ci ildə yıxdılar. Bu gün efirə püskürən Kanareykin də (soyadını qəsdən sinonim sözlə dəyişdirdim), Dumanın qocaman sakini, prezident seçkilərinin əbədi uduzanı da - “долгоиграющий проигрыватель” də (ruslar qramofon vallarını səsləndirən cihaza da belə deyirlər ) – elə o yüz il öncəki mitinq iştirakçılarının söylədiklərini təkrarlayırlar.
Ramazan SİRACOĞLU
(Ardı var)