Dünyanın yeni hakim valyutası nə olacaq-dollar yoxsa yuan?
Çin ABŞ-ın körfəz müttəfiqlərində təşəbbüsü ələ keçirir. Səudiyyə Ərəbistanı və BƏƏ liderləri dünyada neft qiymətlərində sıçrayış fonunda "Baydenlə telefon danışıqlarını rədd etdilər". Körfəz ölkələri tədarüklə bağlı narahatlıqları azaltmaq üçün böyük həcmdə “qara qızıl” hasil etmək imkanına malikdir, lakin ərəb monarxiyaları ilə ABŞ arasında münasibətlər Co Baydenin dövründə soyudu.
Belə ki, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri son həftələrdə ABŞ və müttəfiqlərinin Ukraynadakı hadisələrin tətiklədiyi enerji qiymətlərindəki artımı cilovlamaq səyləri fonunda ABŞ prezidenti Co Baydenlə telefonla danışmaqdan imtina edirlər. Bu barədə Böyük Britaniyanın məşhur "The Guardian" qəzeti yazır. Eləcə də bu detala "The Guardian"dan başqa "Wall Street Journal" da toxundu. Belə ki, "Wall Street Journal" Yaxın Şərq və ABŞ rəsmilərinə istinadən xəbər verdi ki, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və BƏƏ lideri Şeyx Məhəmməd bin Zayed əl Nəhyan ABŞ-ın danışıqlar üçün müraciətindən sonra Bayden üçün əlçatmaz olublar. ABŞ rəsmisi prezident Baydenlə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında baş tutmalı danışıq haqda belə dedi: "Telefon zəngi gözləntisi var idi, lakin bu baş vermədi".
Ötən həftə Qərbin də istəkli israrlarına baxmayaraq Rusiyanın daxil olduğu OPEC+ neft hasilatını artırmaqdan imtina etdi.
"The Quardian"ın yazdığına görə, Bayden administrasiyası çərşənbə axşamı Rusiya neftinin idxalına rəsmi qadağa qoyduqdan sonra neft tədarükünü artırmağa çalışarkən ərəb monarxiyaları ilə Vaşinqton arasında əlaqənin "sərinləşdiyi"nə dair xəbərlər peyda oldu və bu xəbər neftin qiymətini bir barel üçün 130 dollara çatdırdı ki, bu da son 14 ilin ən yüksək həddidir .
Amma ABŞ son illərdə ilk dəfə olaraq Rusiyanın müttəfiqi və dünyanın ən böyük neft istehsalçısı Venesuela ilə diplomatik kanallar açıb. Venesuela indi Bayden administrasiyasına açıq "xoşməramlı jest" və artan yanacaq qiymətlərini azaltmaqdan ötrü istehsalın artırılması üçün mümkün xoş addım kimi ən azı iki amerikalını həbsdən azad etdi.
“The Guardian” xatırladır ki, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər Bayden administrasiyası dövründə Ağ Evin Fars körfəzindəki siyasəti səbəbindən soyudu. Bu siyasət İranla nüvə sazişinin bərpası, Səudiyyənin Yəməndəki vətəndaş müharibəsinə müdaxiləsinə ABŞ dəstəyinin olmaması, Vaşinqtonun Yəmən Husilərini terror qrupları siyahısına əlavə etməkdən imtina etməsi, ABŞ-ın Səudiyyənin mülki nüvə proqramına yardımı, dörd il əvvəl səudiyyəli jurnalist Camal Qaşıqçının krallığın İstanbuldakı konsulluğunda qətlə yetirilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılan Şahzadə Məhəmməd bin Salman üçün hüquqi toxunulmazlığı ehtiva edir.
Təşviqat kampaniyasında Bayden krallığa "təcrid olunmuş dövlət" kimi yanaşacağını işarə edərək, "mövcud Səudiyyə hökumətinin sosial dəyəri çox azdır" dedi. Bu həftənin əvvəlində isə Ağ Evin sözçüsü Cen Psaki demişdi ki, Bayden və şahzadə Məhəmməd yaxın vaxtlarda danışmaq niyyətində deyillər və prezidentin də Ər-Riyada səfər etmək planları yoxdur. Bunun əvəzində isə yaxın müddətdə iki dövlət nümayəndələrinin Çinə səfərinin reallaşdığı məlumat verilirdi.
Digər tərəfdən, BƏƏ-nin ABŞ-dakı səfiri Yousef Al Otayba iki ölkə arasında münasibətlərin gərgin olduğunu təsdiqləyib. "Bu gün biz stress testindən keçirik, amma əminəm ki, biz bundan çıxacağıq və daha yaxşı vəziyyətdə olacağıq" deyə Əl Otayba durumu şərh edib.
Bu iki Körfəz ölkəsi qiymət artımını yumşaltmaq üçün daha çox neft istehsal edə bilən yeganə qlobal təchizatçı kimi görünür.
ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri ABŞ-ın maraqlarını birbaşa təmsil etmək üçün son həftələrdə Ər-Riyad və Əbu-Dabiyə getdiklərini bildiriblər.
Maraqlı bir nüans: Səudiyyə və BƏƏ liderləri Ağ Evin rəhbəri ilə əlaqə saxlamaqdan imtina etdikdən sonra onların hər ikisi ötən həftə Vladimir Putinlə telefon danışığı aparıblar.
Heç kimə sirr deyil ki, Bayden dünyanın bütün neft hasil edən ölkələrinin liderləri ilə danışıqlara cəhdinin səbəbi firavanlıq deyil: ABŞ-da benzinin qiyməti artıq yüksək həddə çatıb. Bu barədə ötən həftə "The Quardian"da yazı getmişdi. Amerikalıların üçdə biri yüksək qaz qiymətləri səbəbindən daha az maşın sürür. Eyni zamanda, ABŞ-ın neft ölkələri - Venesuela, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya ilə münasibətləri çox arzuolunandır. Amma ABŞ-ın çoxdankı ənənəvi partnyorları olan Körfəz ölkələri Baydenin Amerikaya neft tədarükünü artırmaqla bağlı israrlı çağırışlarına "nədənsə" məhəl qoymurlar. Eyni zamanda, Səudiyyə Ərəbistanı və BƏƏ hakimiyyətləri ABŞ əvəzinə Rusiya ilə əlaqə saxlamağa üstünlük verir və Moskvaya sanksiyalara qoşulmur. Halbuki vəliəhd şahzadə bin Salmanın Trampla çox isti münasibəti var idi. Baydenin dövründə isə onlar kəskin şəkildə pisləşdilər. Bayden Yəmən münaqişəsində Səudiyyə Ərəbistanına dəstək verməkdən imtina etdi, husiləri terrorçular siyahısından çıxardı ki, bu da dolayısı ilə İranın "dəyirmanına su tökməkdir". Üstəlik Bayden Türkiyədə jurnalist Qaşıqçının qətlini pislədi.
Habelə, Ər-Riyad İranla nüvə sazişini tələsik yenidən müzakirə etmək cəhdindən narazıdır, baxmayaraq ki, indi ABŞ İran neftini idxal etməyə çox tələsir. Diqqət-bu razılaşma yenilənərsə, Səudiyyə Ərəbistanı İrana qarşı tarazlıq yaratmaq üçün öz nüvə proqramını inkişaf etdirməyə başlayacağını vəd edir. İranla ABŞ-ın nüvə sazişi baş tutarsa ki, böyük ehtimalla baş tutacaq və İran nüvə silahına sahiblənməsini leqallaşdıracaq, bu Ər-Riyada təhdid vəd edir. ABŞ-İran yaxınlaşması fonunda Moskva ilə Tehranın "atışması" və Dubayla Ər-Riyadın Moskva ilə yaxınlaşması diqqətçəkəndir. Beləliklə Bayden, gözlənildiyi kimi, Fars körfəzi ölkələri ilə münasibətləri pozmaq riskinə görə "cavab" aldı. Son 40 ildə neft-dollar sistemi məhz onların üzərində saxlanılıb. Bu münasibətlərin faktiki dondurulması kontekstində ABŞ 70-ci illərin ruhunda enerji böhranı astanasında qaldı.
Kəskin iqtisadi şokun qarşısını almaq üçün Bayden Rusiyanın enerji daşıyıcılarına qoyulan embarqonu yumşaltmalı oldu-bu, onları daha 45 gün müddətinə köhnə müqavilələr əsasında satın almağa imkan verəcək. Bu vaxta qədər Ukrayna böhranının aktiv mərhələsi yəqin ki, başa çatacaq - o zaman embarqonu geriyə doğru götürmək olar. Amma bu gedəni geri qaytarmayacaq. Çünki Krallıq və BƏƏ ABŞ-ın Yəmən münaqişəsində(pərdəarxasında İrana qarşı) və onları maraqlandıran “digər” məsələlərdə onlara dəstək verməsini tələb edir. Narazılığa səbəb ABŞ-ın İrandan sanksiyaları aradan qaldırmaq cəhdidir. “İran sövdələşməsi”nin bərpasının labüdlüyünü dərk edən ərəb monarxiyaları İranın "Ənsar Allah" qruplaşmasındakı müttəfiqlərinə yardım göstərməyin qarşısını alan şərtlərin daxil edilməsini tələb edirlər.
ABŞ isə qətiyyən bu münaqişəyə girmək istəmir, çünki onun həlli perspektivi yoxdur. Yəməndə Şimalla Cənub arasında vətəndaş müharibəsi qalıcı hala gəlib. ABŞ-ın Ərəbistan yarımadasının cənubunda dalana dirənmiş ətalətə təkan vermək üçün danışıqlar mövqeyi yaratmağa çalışırlar. Amma şans azdır və ABŞ qiymət artımını durdurmaq üçün təcili 3 ölkədən-Səudiyyə Ərəbistanı, İran, Venesueladan 4 milyon barel neft tapmalıdır. Üstəlik onların hər üçü bunda iştirak etməlidir, əks halda problem həll edilə bilməz. Bu isə o deməkdir ki, onların hər birinin şərti olacaq. Çətin ki, Bayden onların hər birini məqbul şəkildə razı sala bilsin...
Bundan başqa Hindistanla Rusiyanın enerji resursları sferasında ticarətində rubl və rupi ilə yanaşı Çin valyutası yuandan da istifadə edə biləcəkləri açıqlandı. İndiyə qədər dolların hakimiyyətdə olmasının əsas səbəbi enerji resurslarının ödəmələrinin məhz dollarla aparılması idi. Qarşıdan gələn dövrdə enerji rersurslarının ticarətinin dollarla yox, ona əsas alternativ olacaq yuanla aparılması məhz dolların "başına balta ilə vurulan qapaz" deməkdir. İş bu həddə çatarsa dolların dünya hakimiyyətinin də sonu çatacaq. Bu baş verərəsə indiyə qədər demək olar ki, bir əsr ərzində tirajlanan dollar mifi də ömrünü yuana bağışlayacaq.
Ülviyyə, Hurriyyet.az