📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Düşmən artıq həddini aşmağa başlayıb" - SAMİR HÜMBƏTOV

2021-08-26 14:48:00

"Azərbaycan tərəfi mütləq bu hadisəyə adekvat addım atmalıdır"

"Bir az öncə ermənilərin və özümüzün sosial şəbəkələrində ermənilər tərəfindən ordumuzun əsgərinin əsir götrülməsi ilə bağlı videosüjet paylaşılıb. Qeyd edilir ki, Ağdərə ərazisində Azərbaycan əsgəri sərhədi pozub və ona görə də əsir götürüblər. Fikrimcə, öncə yayılan videosüjeti dəqiqləşdirmək lazımdır. Daha sonra isə məsələyə adekvat addımlar atılmalıdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.

Düşmənin artıq həddini aşmağa başladığını qeyd edən siyasi ekspert bildirib ki, Qarabağda sərhəd yoxdur və bütün Qarabağ Azərbaycanın suveren ərazisidir: "İkincisi, 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərinə uyğun olaraq erməni terrorçuları Qarabağ ərazisindən çıxarılmalıdır, amma bu şərt hələ də rus "sülhməramlıları" tərəfindən təmin edilməyib. Üçüncüsü, Ermənistan tərəfi yavaş-yavaş müharibədən əvvəlki şəraiti təmin etməyə, daha dəqiq desək, tərəflər arasında gərginliyin daha da artırılmasına çalışır və Rusiya tərəfi isə bunu susqunluqla qarşılayır. Dördüncüsü, əgər ermənilər sözügedən hadisəni törədibsə, Azərbaycan tərəfi mütləq bu hadisəyə adekvat addım atmalıdır".

Samir Hümbətovun sözlərinə görə, Ermənistanın bu dərəcədə azğınlaşmasının arxasında duran regionda sülhün və əmin-amanlığın olmasını istəməyəm qüvvələrdir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az