Bu yaxınlarda hüquq elmləri doktoru İlham Rəhimov təzə çapdan çıxmış “Din və cəza” adlı kitabını mənə göndərmişdi. Mən İ.Rəhimovun bir çox kitablarını oxumuşam, eləcə də onunla bəzi hüquqi məsələlər, o cümlədən ölüm cəzası ilə bağlı müzakirəyə çıxarılmış məsələ ətrafinda fikir mübadiləsi aparmış və ölümün cəza kimi təyin edilməsinin düzgün olmadığı fikrində həmfikir olmuşuq. Vaxtilə “Demokratik Azərbaycan” qəzetində hər ikimiz öz fikirlərimizi elmi məqalə formasında da geniş ictimaiyyətə çatdırmışıq. Bir çox məsələlərdə fikirlərimizin üst-üstə düşməsinə gorə də İ.Rəhimovun yeni kitabı məndə xüsusi maraq dogurdu və kitab əlimə çatan andan çox həvəslə, diqqətlə oxumağa, həmçinin müəllifin bu kitabda müdafiə etdiyi əsas ideyanı özüm üçün müəyyənləşdirməyə cəhd etdim.
Cinayət özlüyündə bir nəfərin və ya qrupun böyük çoxluğa, o cümlədən özünə qarşı qəsdi kimi meydana çıxır ki, çoxluq bu qəsddən özünü və günahkar fərdi, yaxud qrupu qorumaq üçün onu bədbəxtçiliyə sürükləyən fərdi neytrallaşdırmaq hüququ əldə edir. Bunun da təzahür forması cəzadır. Cəza yalnız fərdin çoxluğa vurdugu ziyanın qarşısını almaq, onun təkrarlanmasını dayandırmaq və onun ziyanını kompensasiya etmək məqsədi daşımır, həm də həmin fərdin özündən-özünə gələn təhlükələri aradan qaldırmağa xidmət edir. Yəni cəza günahkarlara qarşı ictimai xeyirxahlıqdan başqa bir şey deyil.
Məlumdur ki, cəzanın üc əsas komponenti vardır: əvəzçıxma (dində bu qisas adlandırılır); ictimai xəbərdarlıq - bu əməllərin cəzalandırılan olması ilə başqalarını cinayətlərdən çəkindirmə (dində bu pəhrizkarlıq və təqvalılıq adlanır) və islah (dində bu bağışlanma kimi təsəvvür edilir).
İslam dinində ilahi cəza ilahi əmrlərin pozulması ilə müşayiət olunan əməllərə görə təyin edilir. Qurani-Kərimin “Casiyə” surəsinin 2-ci ayəsində bəyan edilir: “Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü şəriət sahibi olan Allah tərəfindən nazil edilmişdir”, ”Əhfaq” surəsinin 2-ci ayəsində bəyan edilir: “Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü qanunlar sahibi olan Allah tərəfindən nazil edilmişdir”. Buradan aydın şəkildə görünür ki, Allah-təala həm təbiət, həm də şəriət qanunlarına sahibdir və bu qanunlar Allah-təalanın qüdrəti və yaradılış gücü ilə vəhdət təşkil edir. Bu baxımdan, ilahinin təbiət və şəriət qanunlarının pozulması hər iki halda Allah-təalanın qüdrəti və yaradılış gücü ilə dəf edilir ki, bu da Qurani-Kərimdə ilahi cəza kimi təyin edilmişdir.
Cinayət nədir? Qanunun pozulması. Bəs qanun nədir? Cəmiyyət həyatında ədalətin saxlanılmasının qaydaları. Buradan da cinayətin cəmiyyət həyatında ədalətsizlik kimi təzahür etdiyi aydın olur. Allah-təala insanları özünə oxşar yaratdığını bəyan edir. Buna görə də insanlardan bütün işlərdə ona oxşamağa cəhd etməyi əmr edir. Qurani- Kərimin “Ənbiya“ surəsinin 47–ci ayəsində bəyan edilir: "Biz Qiyamət günü ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmaycaq və onların haqlarından kəsilməyəcək. Əgər xardal dənəsi ağırlığında olsa belə, onu götürəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir”. Buradan da dünyəvi hakimlərin də məhz ədalət əsasında hökm çıxarmalarının vacibliyi aydın olur. Ədalət, azadlıq və bərabərlik birlikdə insan cəmiyyətini vəhşi heyvanlar aləmindən ayıran səddir. Bu səddin olmadığı yerdə cəmiyyət həyatı vəhşi təbiətin qanunlarına tabe olur və hətta ondan daha dəhşətli hal yaranır.
Qurani-Kərimin “Nəhl” surəsinin 90-cı ayəsində bəyan edilir: ”Şübhəsiz, Allah ədaləti, yaxşılıq etməyi və qohum haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. Bu ayədən görünür ki, Allah yanında ədalət insanları zülm, fitnə və günahlardan çəkinmə qaydası kimi müəyyən olunub.
Cəza özünün dərin qartlarında pozulmuş ədalətin bərpasını əks etdirir. Cəza olmayan yerdə ədalət ola bilməz. Cinayətlə (ədalətsizliklə) ədalət əksliklərin tərəfləri kimi bir-biri ilə zidiyyətdə və vəhdətdədir, bu vəhdətdən biri digərinə keçir. Yəni ədalət pozulanda cinayət doğur, cinayət baş verəndə ədalət pozulur. Qurani-Kərimdə cəza ədalətin bərpası üsulu kimi təsvir edilir və cəza əməlin həqiqi təzahürü kimi təyin edilir.
Qurani-Kərimin “Fatihə” surəsinin 2-4-cü ayəsində bəyan edilir: ”Həmd və sitayiş aləmlərin idarə edəni, yaradaraq nizama salanı və mütləq hökmdari olan Allaha məxsusdur... rəhimli və mehriban Allaha... Cəza və mükafat günün sahibi və hömdarına”. Bu ayələrdən aşağıdakılar aydın olur.
Birincisi, İlahi cəza Allah-təalanin idarə etmə, yaratma, nəzmə çəkmə və mütləq hökmdarlığı ilə vəhdət təşkil edir.
İkincisi, ilahi hüquqda cəza ilə mükafat əksliklərin tərəfləri kimi vəhdət təşkil edir və cəza ilə mükafat eyni instansiya tərəfindən - Yaradan, Nəzmə çəkən, İdarə edən, Hökmdarlıq edən Allah-tala tərəfindən təyin edilir.
Üçüncüsü, ilahi cəza və mükafat Allahın rəhmdilliyi və mehribanlığı ilə şərtlənmişdir ki, bu da Allah-talanın günahkarları bağışlamağa üstünlük verməsi və mükafata layiq olan öz bəndələrinə mehriban olmasını sübut edir.
Bəşəri cəzalar subyektiv, ilahi cəza obyektivdir. Qurani-Kərimin “Yunus” surəsinin 109-cu ayəsində bəyan edilir: ”Sənə vəhy olunana tabe ol və Allah hökm çıxarana kimi səbr et. O hökm çıxaranların ən yaxşısıdır”. ”Səbə”surəsinin 26-cı ayəsində bəyan edilir: ”De:” Rəbbimiz bizlə-sizi cəm edəcəkdir, sonra bizim aramızda haqq üzrə, qəti surətdə hökm verəcəkdir. Odur qəti surətdə hökm edən və bilən”. Bu ayələrdən aydın olur ki, heç bir bəşəri cəza ədalətlliyinə görə ilahi cəza ilə uyğunluq təşkil edə bilməz. Buradan da istənilən bəşəri cəzada ədalətsizlik nüanslarının saxlandığı aydın olur. Bu nə ilə bağlıdır? Məlumdur ki, istənilən insanın qərarı obyektivliklə onun şəxsi subyektivliyinin vəhdətindən ibarətdir. Buna görə də istənilən cəza özündə cəza verənin subyektivliyini əks etdirir ki, bu da həmin cəzanı hər cür subyektivlikdən azad ilahi cəzadan fərqləndirir. Bəşəri cəzaların subyektivliyinə görə məhkəmə instansiyaları yaranmışdir. İlahi məhkəmədə tək bir inistansiya vardır ki, o da Allah-təalanın məhkəməsidir. Buna görə, ilahi cəza qətidir. Ondan başqa hec bir inisitansiyaya müraciət etmək mümkün deyildir.
Bəs Allah-təala nə üçün insanları cəzalandırır? Qurani-Kərimin “Bəqərə” surəsinin 65-66-ci ayələrində bəyan edilir: ”Və əlbəttə, siz içərinizdən şənbə günü çıxanları tanıdınız. Biz onlara dedik: ”Meymun və qovulmuşlar olun!”. Beləliklə, Biz o cəzanı onlar və sonrakı nəsillər ücün ibrətamiz bir cəza və təqvalılar ücün öyüd-nəsihət etdik”. Bu ayədə şənbə günü yaradılışın altıncı gününə işarə edir. Hansı ki, Tövratn Varlıq kitabında yaradılışın altıncı günü həm quruda yaşayan heyvanları, həm də insanı Özünə oxşar yaratması görünür. Yaradılış prosesində insan üçün xarakterik olan nizamdan çıxanlar meymun (zahirən insana oxşar) və qovulmuşlar (daxilən insana oxşar, məs.donuz) kimi yaradılmışdır. Bu da ilahi cəzanın həm də yaradılış nizamının pozulmasına görə təyin edildiyini göstərir. Allah-təala Quranda insanların yardılış nizamı ilə mövcudolma nizamının eynilik təşkil etdiyini bəyan edir ki, bu da mövcudolma nizamının pozulmasının da zərurətə görə cəzalanan olmasını tələb edir. Bəşəri cəza sistemində cəza yalnız müəyyən yaşdan sonra (həddi-buluq yaşına catanda) təyin olunur ki, bu da ilahi cəza ilə bəşəri cəzanın başqa bir fərqini ortaya qoyur.
Qurani-Kərmin “Ali-Imran” surəsinin 18-ci ayəsində buyrulur: ”Allah ədalətə əsaslanaraq Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri. Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və məhkum yaradılış sahibidir”. ”Ənam” surəsinin 115-ci ayəsində bəyan olunur: ”Rəbbinin sözü düzgünlük və ədalət baxımından kamil oldu. Onun sözlərini əsla dəyişdirən olmayacaqdir. Odur eşidən və bilən”. ”Yunus” surəsinin 109-cu ayəsində bəyan edilir: ”Sənə vəhy olunana tabe ol və Allah hökm çıxarana kimi səbr et. O hökm çıxaranların ən yaxşısıdır”. Bu ayələrdən görünür ki, Allah-təalanın bütün işləri yalnız ədalətə əsaslanır və kamillik məhz ədalət və düzgünlüklə meydana çıxır. Buradan da İlahi cəzanın ədalətə əsaslanan-ədalətli cəza oldugu sübut olunur. Buna görə, bəşəri cəzalar da elə təkmil olmalıdır ki, ilahi cəzanın ədalətini özündə əks elətdirə bilsin. İstənilən cəzaya münasibət onun nə dərəcədə ədalətli olması ilə müəyyən oluna bilər.