📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ədalətin cəzası, cəzanın ədaləti

2021-09-07 13:03:00

Ədalətin cəzası, cəzanın ədaləti

Bu yaxınlarda hüquq elmləri doktoru İlham Rəhimov təzə çapdan çıxmış “Din və cəza” adlı kitabını mənə göndərmişdi. Mən İ.Rəhimovun bir çox kitablarını oxumuşam, eləcə də onunla bəzi hüquqi məsələlər, o cümlədən ölüm cəzası ilə bağlı müzakirəyə çıxarılmış məsələ ətrafinda fikir mübadiləsi aparmış və ölümün cəza kimi təyin edilməsinin düzgün olmadığı fikrində həmfikir olmuşuq. Vaxtilə “Demokratik Azərbaycan” qəzetində hər ikimiz öz fikirlərimizi elmi məqalə formasında da geniş ictimayyətə çatdırmışıq. Bir çox məsələlərdə fikirlərimizin üst-üstə düşməsinə gorə də İ.Rəhimovun yeni kitabı məndə xüsusi maraq dogurdu və kitab əlimə çatan andan çox həvəs və diqqətlə oxumağa və müəllifin bu kitabda müdafiə etdiyi əsas ideyanı özüm üçün müəyyənləşdirməyə cəhd etdim.

Əvvəli bu linkdə: https://hurriyyet.az/az/post/edaletin-cezasi-cezanin-edaleti-345806

Sərdar CƏLALOĞLU

İslam dinində cəzanın çəkindirmə funksiyası digər funksiyalara görə prioritet təşkil edir. Qurani-Kərimin “Bəqərə” surəsinin 2,178-179-cu ayələrində bəyan edilir: “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (müttəqilər) üçün hidayət mənbəyidir... Ey iman gətirənlər, sizə öldürülənlər barəsində qisas yazılmış və qərara alınmışdır: azad şəxsin müqailində azad, qulun müqabilində qul, qadının müqabilində qadın. Beləliklə, öz qardaşı tərəfindən müəyyən qədər əfv olunsa, onda bəyənilən bir yol seçməlidir və diyəni ona yaxşılıqla, gözəl surətdə ödəməlidir. Bu, sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa, onun üçün ağrılı bir əzab vardır... Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır, bəlkə çəkinəsiniz”. Bu ayələrdən görünür ki, Qurani-Kərimin insanlara nazil olmasının əsas səbəblərindən biri məhz inanları çəkindirməkdən - istiqmətləndirməkdən ibarətdir. Bu, bəşəri hüquqda “qanundan xəbərdarlıq” kimi təyin edilmişdir. İlahi hüquqda günahdan çəkindirmə - Allahdan qorxu ilə şərtləndirilmişdir. Allahdan qorxu rasional qorxu olub, insanın öz-özünü qorxutması kimi təsəvvürə gəlir. Bəşəri hüquqda çəkindirmə irrasionaldır, yəni xarici qorxutma ilə bağlıdır. “Bəqərə” surəsindən diskurs etdiyimiz ayədən görünür ki, qisas ilahi hüquqda çəkindirmə funksiyasına malikdir, hansı ki, qisas alınacağını nəzərə alan bir fərd başqasına qəsd etməyə cəhd etmir, bu da “qisasda həyatın olması” kimi təsvir edilmişdir.

Qurani-Kərimin “Ənfal” surəsinin 29-cu ayəsində buyrulur: “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə ayırd edən bir qüvvə verər, sizin günahlarınızı təmizləyər və sizi bağışlayar. Allah böyük lütf və ehsan sahibidir”. Bu ayədə Allahdan qorxunun əhəmiyyəti izah edilir. Ayədən görünür ki, Allahdan qorxu insanda pisi yaxşıdan, günahı savabdan ayırmaq gücü verir ki, belə halda insan heç bir halda cinayətə meyl etmir. İkincisi, Allahdan qorxu həm də əvvəlki günahları insandan uzaqlaşdırır, onu təmizləyir və insan günahsızlıq vəziyyətinə düşür və Allah belə insanların əvvəlki günahlarını bağışlayır.

Bəşəri hüquq dövlətin əsas atributlarından biridir və hətta “dövlətin qanıdır”(Helvetsi). Dövlət zor aparatıdır və dövlət idarəçiliyi məcburetməyə əsaslanır. Buradan da aydın olur ki, bəşəri hüququn əsas əlaməti məcburetmədir. Qurani-Kərimin “Bəqərə” surəsinin 256-cı ayəsində bəyan edilir: “Dində məcburiyyət yoxdur. Şübhəsiz hidayət yolu azğınlıqda aydınlaşmışdır! Buna görə, kim azğın və itaətsizsə, kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qurtarmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və görəndir”. Bu ayədən görünür ki, ilhi hüquqda məcburetmə yoxdur. Buna görə, bəşəri hüquqda çəkindirmə - cəzalandırma qorxusu  irrasionaldır, ilahi hüquqda rasionaldır. Rasional qorxu könüllülüyə, irrasional qorxu məcburetməyə əsaslandığından, aydın olur ki, ilahi hüquqda insanlara gühanetmə azadlığı və ya günahetmə hüququ verilmişdir. Qurani-Kərimin “Şəms” surəsinin7-8-ci ayələrində bəyan edilir: “Və and olsun nəfsə və ona doğru-düzgün biçim verənə... Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir”. Bu ayədən görünür ki, dində məcburiyyət olmasın deyə, Allah-təala yaratdığı hər bir insana həm günah, həm savab əməllər etmək istedadı, həm də həmin istedadlara uyğun müvafiq iş görmə qabiliyyəti vermişdir. Bəşəri hüquq təcrübəsində insanlara cinayətetmə azadlığı verilmir. Buna görə də, günahlardan çəkinmə məcburetmə prinsipinə əsaslanır.

Buardan belə bir sual meydana çıxı: nə üçün Allah-təala insana başqa insanlara qarşı günah əməllərinə görə cəza verir? Qurani-Kərimə görə insanlara verilən cəzalar onların əməllərinin gerçək təzahürləridir. Yəni cəza ilə əməlin bir-biri ilə ardıcıllıq təşkil edən, bir-birinə bağlı və biri digərini izah edən iki anlayış olduğu aydın olur.

İlahi humanizm: Hər bir cəza özündə insana məhəbbəti əks etdirməlidir. Bu, yalnız cinayətin  qurbanına yox, həm də cəzalanana məhəbbət kimi təsəvvürə gəlir. Qurani-Kərimin “Hicr” surəsinin 49-cu ayəsində bəyan edilir: “Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!”. “Nisa” surəsinin 110-cu ayəsində bəyan edilir: “Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə, sonra Allahdan bağışlamaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görərər”. “Əhzab” surəsinin 71-ci ayəsində bəyan edilir: “Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olur”. Bu ayədən görünür ki, Allah-təala bağışlamağı çox sevir. Allah-təalanın üç gözəl adı bağışlama ilə bağlıdır. Bura Əffüv olan Allah, Vəhhab olan Allah və Təvvab olan Allah adları aiddir.

İslam dinində günaha üç cür yanaşma mövcuddur:

1. Əvəzi ödənilmədən bağışlanan günahlar. Bu Vəhhab olan Allahın işidir. Bura kiçik günahlar, təsadüfdən doğan günahlar, insanın aciz və zəifliyindən, məlumatsızlığından doğan günahlar aiddir. Əvəzi ödənilməyən bağışlanan günahlarda günahkarın dində olması vacibdir. Dində olmayan insanların hər bir kiçik günahı da avtomatik böyük günahla vəhdət təşkil edir və böyük günahlar - şirk və küfr bağışlanmadığı üçün həmin kiçik günahlar da bağılanmır.

2. Əvəzi odənilməklə bağışlanan günahlar. Bu, Təvvab olan Allahın işidir. Əvəzi ödənən günahlar da iki cürdür: islamda olmayıb, sonra islama daxil olan şəxslərin günahı və islamda olan insanların günahı. Hər iki halda insan səmimi şəkildə öz əməllərindən peşmançılıq hiss etdikdə, buna görə də həmin hərəkətləri bir daha etməyəcəyi ilə bağlı Allah qarşısında öz üzərinə öhdəlik götürdükdə - tövbə etdikdə və günahları təmizləyəcək yaxşı əməllər etdikdə Allah-təala həmin günahları bağışlayır.

3. Cəzalandırılan günahlar. Bu, zərurətə görə günahları ədalətlə cəzalandıran Müntəqqim olan Allahın işidir. Bura böyük günahlar -Allaha qarşı edilən əməllər və ya əvəzi ödənilməyən günahlar aiddir ki, Allah-təala belə günahlara görə mütləq insanları cəzalandırır.

İslam dinində fərdin ona ziyan vuranı cəzalandırması - qisas bir çox hallarda yanlış anlaşılır və islama qarşı ittihamlara əsas verir. Əslində, qisas bəşəri cəzanın digər bir funksiyasının - əvəzçıxma funksiyasının  bənzərliyidir. İslamda qisasa üç cür münasibət müəyyən edilib:
a) “Qana qan, dişə diş” prinsipi ilə əvəzçıxma ilə qisas.

b) Fidyə qarşılığında bağışlama. Bu zaman əmələ eyni əməllə cavab verilmir, ziyançəkənin ziyanı ödənilir və günah bağışlanır.

c) Əvəzsiz bağışlama. Bu, ziyançəkəndən daha güclü iman tələb edir, hansı ki, Allahın bağışlayan sifətinə oxşar keyfiyyət təzahür etdirir.

Günahın müəyyən edilməsinin şərtləri: Cəzanın ədalətliliyi günahın sübut edilməsi ilə sıx bağlıdır. Buna görə də, cəzanın ədalətli olması hər şeydən əvvəl təkzibedilməz dəlil və sübutlara, o cümlədən şahid ifadlərinə əsaslanır. Qurani-Kərimin “Nisa “surəsinin 135-ci ayəsində bəyan edilir: “Ey iman gətirənlər, hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin...”. “Nur” surəsinin  4 və 13-cü ayələrində bəyan edilir: “...və iffətli qadınlara zina isnad verib, sonra dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurub və daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən fasiqdirlər. ...Nə üçün ona dord şahid gətirmədilər? Şahidləri gətirmədikləri üçün Allahın yanında onlar özləri yalançıdırlar”. Bu ayələrdən görünür ki, islam dinində şahidlik Allah xatirinə haqq və ədalətin üzə çıxması naminə edilən bir hərəkətdir və bu, Allahın əmri olduğundan, şahidlikdən boyun qaçırma Allah qarşısında günah olduğu kimi, cəmiyyətdə də ədalətsizliyə - günahsız insanların cəzalanmasına, günahkarların cəzadan kənar qalmasına səbəb olur ki, bu da fitnənin davam etməsi kimi təsəvvürə gəlir.

İlahi cəza sistemində xüsusi bir cəza növü vardır ki, bəşəri cəzalarda bunun olması mümkünsüzlükdür. Bu, bəzi cəmiyyətlərdə ədalətsiz insanların qeyri-qanuni yollarla hakimiyyətə gəlməsi kimi təzahür edilir. Qurani-Kərimin “Ənam” surəsinin 129-cu ayəsində bəyan edilir: “Beləliklə, əldə etdiklərinin cəzası olaraq zalımların bəzilərini bəzisinə hakim edərik”. Bu ayədən aydın olur ki, o cəmiyyətlərdə ki  ədalətsiz hakimiyyət, aşağı keyfiyyətli idarəetmə var, həmin cəmiyyət Allah tərəfindən cəmiyyət üzvlərinin kütləvi hal almış günahlarına görə verilən cəzadır.

Sonda qeyd etmək istəyirəm ki, bir məqalədə İslam dinində cəza məsələsinə tam aydınlıq gətirmək mümkün deyil. Buna görə də, bu qısa şərhdə az da olsa İslam dinində cəza məsələsinə aydınlıq gətirməyə cəhd etməklə kifayətlənirik. Ümid edirəm ki, İ.Rəhimov özünün “Din və cəza” kitabının təkrar nəşrlərində problemi fundamental həll etməyə müvəffəq olacaqdır.