📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ədliyyə Nazirliyi QHT-lərin qeydiyyatında SÜNİ PROBLEMLƏR YARADIR

2022-04-12 10:49:00

Ədliyyə Nazirliyi QHT-lərin qeydiyyatında SÜNİ PROBLEMLƏR YARADIR

Təsisçilərdən biri Vüqar Məmmədov olduğu üçün "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin qeydiyyata alınmasını əngəlləməyə çalışırlar

Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevin qərarı tamamilə qanunsuzdur və təqdim olunan sənədlərin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur

Bu gün ölkədə siyasi partiyaların, o cümlədən qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondların dövlət qeydiyyatına alınması ən müşkül prosedurlardan birinə çevrilib desək, yəqin ki, bu sahədə çalışan və ya bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edən şəxslər bizimlə razılaşarlar. Çünki qeyd olunan məsələ ilə bağlı adıçəkilən nazirliyə rəsmi qaydada, yəni qanunvericiliyin tələblərinə uyğun formada müraciət edildikdə, hər dəfəsində müxtəlif bahənələr gətirilir, guya sənədlərin düzgün tərtib olunmadığı və yanlışlığa yol verildiyi bildirilərək, dövlət qeydiyyatına alınmadan imtina edilir. Nəzərinizə çatdıraq ki, bu cür süni maneə, daha doğrusu qeyri-qanuni əngəllə üzləşən şəxslərdən biri də "Hürriyyət" qəzetinin və Hurriyyet.az saytının baş redaktoru, Hurriyyet TV internet televiziyasının rəhbəri Vüqar Məmmədovdur.

Belə ki, Vüqar Məmmədov "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin dövlət qeydiyyatına alınması üçün zəruri olan bütün sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etsə də, qarşı tərəf bir neçə dəfədir ki, müxtəlif bəhanələr gətirərək adıçəkilən ictimai birliyin qeydiyyata alınmasını təmin etmir, sənədləri geri qaytarır. Halbuki, nazirliyə təqdim edilmiş bütün sənədlər - "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin Nizamnaməsi, ictimai birliyin təsis yığıncağının protokolu, ictimai birliyin təsis yığıncağının qərarları və digərləri təsisçilər tərəfindən imzalanmaqla yanaşı, onların hər birinin imzası notarial qaydada təsdiq olunub, nizamnamədə rəhbər orqanlarının səlahiyyətlərinin konkret müddətləri müəyyənləşdirilib. Bundan başqa, "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin nizamnaməsi hazırlanarkən son zamanlar Ədliyyə Nazirliyində qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının nizamnamələri və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun, o cümlədən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun bütün maddələri və tələbləri nəzərə alınıb. Lakin buna baxmayaraq, Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevin imzası ilə daxil olan məktubda iddia edilir ki, guya sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanılarkən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 13.1-ci maddəsinə riayət olunmadığı müəyyən olunub: "Belə ki, həmin maddədə nizamnamədə müəyyən edilməli olan digər şərtlərlə yanaşı, birliyin üzvlüyündən çıxmanın qaydası tələbi göstərilmişdir. Lakin qurumun nizamnaməsində bu tələb nəzərdə tutulmamışdır". Məhz buna görə də Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim olunan sənədlərin geri qaytarılmasına qərar verib. Lakin bu, kökündən yanlış, hətta belə demək olarsa, qərəzli və ədalətsiz qərardır. Çünki "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin Nizamnaməsinin 5.12-ci maddəsində aydın-açıq şəkildə qeyd olunur ki, birliyin üzvü birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda və nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə üzvlükdən xaric edilir. Deməli, "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim olunan sənədlərdə prosedur qaydalara, eyni zamanda, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 13.1-ci maddəsinin tələblərinə zidd heç nə yoxdur. Bu, həm də onu göstərir ki, Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevin qərarı tamamilə qanunsuzdur və təqdim olunan sənədlərin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur.

Görünür, Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin əməkdaşları təqdim olunan sənədləri lazımı qaydada, yəni qanunvericiliyin tələblərinə uyğun formada yoxlamayıb, ya da təsisçilərdən biri "Hürriyyət" qəzetinin və Hurriyyet.az saytının baş redaktoru, Hurriyyet TV internet televiziyasının rəhbəri Vüqar Məmmədov olduğu üçün bu cür süni maneələrlə "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin qeydiyyata alınmasını əngəlləməyə çalışırlar. Məhz bu səbəbdən də bütün bunlar Aslan Hacıyevin qərarının siyasi xarakter daşıdığını, yaxud da qeydiyyat prosedurunun müəyyən maraq qarşılığında, "görüm-baxım" müqabilində təmin olunduğunu güman etməyə əsas verir. Bununla yanaşı, sözügedən imtina məktubu həm də siyasi partiyaların, QHT-lərin, ictimai birliklər və fondların qeydiyyatı üçün əngəllərin mövcud olmadığı iddialarının da əsassız olduğunu sübuta yetirir. Kim bilir, bəlkə də Ədliyyə Nazirliyinin yetkili şəxsləri ümumiyyətlə iqtidarın nəzarətindən kənarda fəaliyyət göstərən QHT-lərin qeydiyyata alınmasında maraqlı deyillər. Təbii ki, 100 faiz əminliklə deyə bilməsək də, qeyd etdiklərimizin hər biri ağlabatan arqumentdir və bizim bu qənaətə gəlməyimizin səbəbi Aslan Hacıyevin ədalətsiz, qeyri-qanuni qərarıdır. Əks təqdirdə, "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin qeydiyyata alınması üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması düzgün həyata keçirildiyi halda Ədliyyə Nazirliyi tərəfindən etiraz məktubu göndərilməzdi...

Xülasə, "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin nizamnaməsi hazırlanarkən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunların bütün maddələrinin nəzərə alınmasına rəğmən, sənədlərin geri qaytarılması onu təsdiq edir ki, qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi ilə bağlı siyasi qərar yoxdursa, yəni "yuxarıdan" "dabro" verilməyibsə, o zaman onların sənədləri ilə bağlı süni süründürməçilik edilir, əsassız yerə maneəçilik törədilir. Bu isə onu deməyə əsas verir ki, QHT-lərin dövlət qeydiyyatına alınması ya siyasi iradəyə bağlı olan məsələdir, ya da bunun üçün əlini cibinə salmaq, kim(lər)insə "bığının" altından keçmək, maraqlı şəxslərin marağını təmin etmək lazımdır. Odur ki, "Hürriyyət" qəzetinin və Hurriyyet.az saytının baş redaktoru, Hurriyyet TV internet televiziyasının rəhbəri Vüqar Məmmədovun adından ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, cənab nazirdən soruşmaq istərdik:

- Hörmətli nazir, "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün sənədlərin qaydasında olmasına baxmayaraq, nədən prosedur icra olunmur?

- Bu yazıda Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin əməkdaşlarının təqdim olunan sənədləri qanunvericiliyin tələblərinə uyğun formada yoxlamadıqlarını sübuta yetirdik. Bu halda onların barəsində qanunamüvafiq formada ölçü götürüləcək?

- Təqdim olunan sənədlərin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdursa, Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevin qərarını necə başa düşək?

- Və nəhayət, əgər bu, siyasi qərar deyilsə, onda "Cəhri Xeyriyyə Cəmiyyəti" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin qeydiyyata alınması üçün kim(lər)in marağını və hansı miqyasda təmin etmək lazımdır?

Ümid edirik ki, ən azı bu yazıdan sonra ədliyyə naziri Fikrət Məmmədov müraciətimizə dolğun cavab verəcək və yaradılmış süni problemlərin aradan qaldırılması ilə bağlı müvafiq göstəriş verəcək.

"Hürriyyət"in Araşdırma Qrupu