Əfqanıstanda son sutka ərzində 40 dinc vətəndaş qətlə yetirilib
Hurriyyet.org xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası ölkənin cənubunda yerləşən Helmand vilayətində son 24 saat içərisində baş verən döyüşlər zamanı 40 dinc vətəndaşın öldürüldüyünü açıqlayıb. Bu müddət içərisində 118 dinc vətəndaşın yaralandığı bildirilir. Tərəflərin dinc vətəndaşların təhlükəsizliyini qorumadığı təqdirdə, böyük bir faciə baş verə biləcəyi qeyd edilib. Minlərlə insan qaçqın düşüb.
Atışmalar davam edir
Əfqanıstanın cənub vilayətləri olan Qəndəhar, Helmand və qərbindəki Herat vilayətlərinin mərkəzində təqribən bir həftədir ki, “Taliban” yaraqlıları ilə dövlət qüvvələri arasında döyüşlər davam edir.
“Taliban” iyun ayının axırlarında başladığı hücumlar nəticəsində Özbəkistan ilə Tacikistan sərhədindəki rayonların demək olar ki, hamısını ələ keçirib. Özbəkistana gedən ən mühüm ticarət marşrutu olan Haytaran sərhəd məntəqəsini iki tərəfdən mühasirəyə alan “Taliban” cənub-qərbdə yerləşən Qəznə vilayətində mövqelərini möhkəmlədib, 8 iyulda İranla həmsərhəd İslam Qala, 14 iyulda Pakistanla həmsərhəd Spin Boldak keçid məntəqələrini ələ keçirib, 407 rayonun 150-dən çoxuna nəzarət edir.