Əfqanıstanda xarici valyuta qadağan edildi - ölkənin 7 milyard dollardan artıq vəsaiti ABŞ banklarında qalıb!
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanda hakimiyyətə gəlmiş “Taliban” hakimiyyəti ölkədə xarici valyutadan istifadə edilməsini qadağan edib. Taliblərin nümayəndəsi Zabihulla Mücahid “Tvitter”dəki açıqlamasında ölkədəki ağır iqtisadi vəziyyət üzündən belə bir addımın atıldığını söyləyib.
Taliblər Kabulu nəzarət altına götürdükdən sonra ABŞ-ın göstərişi ilə Qərb bankları Əfqanıstanın vəsaitlərini dondurublar, Beynəlxalq Valyuta Fondu ilə Avropa İttifaqı isə layihələrin maliyyələşdirilməsini dayandırıblar. Həmin dövrdə Əfqanıstanın Dövlət Bankının xarici valyuta ilə dövlət vəsaiti 9 milyard dollar olub və onun 7 milyard dollarından çoxu ABŞ banklarındadır.
Taliblərin nümayəndəsi Süheyl Şahin “RİA Novostli” agentliyinə müsahibəsində bildirib ki, ölkənin yeni hakimiyyəti ABŞ-ı Əfqanıstanın xaricdəki vəsaitlərinin dondurulmasını dayandırmağa çağırıb, çünki bu vəsaitlər əhaliyə humanitar yardım üçün lazımdır. Sentyabrın axırında ABŞ-ın Maliyyə Nazirliyi bəyan eləmişdi ki, əfqanların humanitar ehtiyaclarının yüngülləşdirilməsi üçün Amerika hökumətinə, QHT-lərə və BMT də daxil olmaqla bəzi beynəlxalq təşkilatlara sanksiya altında olan “Taliban” və “Haqqani şəbəkəsi” ilə məhdud maliyyə əməliyyatları aparmağa icazə verir (BMT ABŞ-dan icazə alır? – red.).
Xatırladaq ki, çevrilişlərin müsəlman dövlətlərinin pullarının xarici banklarda qalması ilə nəticələnməsi ilk dəfə deyil ki baş verir. Avropanın iri bankları, əsasən də İsveçrə bankı ərəb dövlətlərinin keçmiş rəhbərləri Zeynalabdin bin-Əlinin və Hüsnü Mübarəkin, eləcə də, Liviya lideri Müəmmar Qəddafinin hesablarına həbs qoymuş, yerləşdirdikləri depozitləri dondurmuşdu. Hesablamalara görə, təkcə bu üç şəxsin banklardakı hesablarında ən azı 150 milyard dollar kapital mövcuddur. Zeynalabdin bin-Əlinin təxminən 30, Hüsnü Mübarəkin 70, Qəddafinin isə 65 milyard dollar vəsaitinə həbs qoyulub.
Hürr Tərcüman