“Əhali Krımdan qaçır...” - Ukrayna Krım körpüsünü vuracaq?
Xəbər verildiyi kimi, Rusiyanın Ukraynaya növbəti kütləvi raket hücumundan sonra əvvəlcə Ukrayna Müdafiə naziri Rüstəm Ömərov, sonra isə Prezident Volodimir Zelenski Rusiyaya layiqli cavab veriləcəyini deyib.
Bu cavabın nədən ibarət olacağı ilə bağlı müxtəlıif versiyalar var. Lakin ABŞ və digər Qərb tərəfdaşlarının uzaq mənzilli raketlərin Rusiyanın dərinliyində istifadəsinə qoyduqları məhdudiyyət səbəbindən Kiyevin cavabının təsirli olması ehtimalı azalır. Buna baxmayaraq, həmin silahların Krım yarımadasında istifadəsinə heç bir məhdudiyyət yoxdur. Bu səbəbdən, cavab addımı olaraq, Ukraynanın Krım körpüsünü dağıtmağa cəhd edəcəyini düşünmək olar...
Ukrayna Prezidentinin Krım üzrə daimi nümayəndəsi Denis Çistikovun son açıqlamaları Krım körpüsünün yaxın günlərdə hədəfə alınacağına dair ehtimalları artırır.
Çistikovun “NV” nəşrində dərc olunan açıqlamasında deyilir ki, “Rusiya işğalçıları Krım körpüsünün dağıdılmasından qorxurlar və işğal olunmuş yarımadadan qaçan yerli əhali də bundan xəbərdardır”: "Əhali Krım körpüsü ilə bağlı problemləri hiss edir: biz bunu son iki həftə ərzində gördüyümüz tıxacların sayından müşahidə edə bilərik".
Onun sözlərinə görə, əvvəllər Krım körpüsünün qarşısındakı yoxlamalar səbəbindən süni şəkildə tıxaclar yaradılıb və turist axını təəssüratı yaranıb:"İndi biz görürük ki, gün ərzində 600-dən 1000-ə qədər avtomobil Rusiya Federasiyası istiqamətində tıxaclarda qalır. Ona görə də, buna əsaslanaraq, başa düşürük ki, onlar(körpünün dağıdılması ehtimalı haqqında) xəbərdardırlar”.
O, əlavə edib ki, işğalçılar yaxın günlərdə Krım körpüsünə hücum gözləyir. Çistikovun sözlərinə görə, əhalini körpünün ətrafında “ən yaxşı hava hücumundan müdafiə sistemlərindən birinin” olduğuna inandırmağa və sakitləşdirməyə çalışsalar da, insanlarda buna inam yoxdur. \\AzPolitika.info