əhid İsmayıl Kərimlinin xatirəsinə həsr olunmuş film təqdim edildi - Fotolar
Nizami Kino Mərkəzində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İsmayıl Kərimlinin xatirəsinə həsr olunmuş “İsmayıl məqamı” sənədli filminin təqdimatı keçirilib.
Hurriyyet.net xəbər verir ki, rejissor Səməd Mehriban Ağayevin ərsəyə gətirdiyi, baş prodüseri şəhidin atası Ceyhun Kərimov olan filmdə İsmayıl Kərimlinin ömür yolu, döyüş xidməti və cəbhəyə könüllü yollanma hekayəsi əks olunub.
Tədbirdə şəhidin ailə üzvləri, millət vəkilləri, döyüş yoldaşları, komandiri, şəhid anaları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Film nümayişindən öncə çıxış edən millət vəkili Azay Quliyev Zəfər Günü ərəfəsində keçirilən bu tədbirin mənəvi əhəmiyyətini vurğulayıb.
Millət vəkili Məlahət İbrahimqızı isə filmin təkcə bir döyüşçünün deyil, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərin ümumi qəhrəmanlıq salnaməsini təcəssüm etdirdiyini söyləyib.
Şəhidin atası Ceyhun Kərimov çıxışında zəfəri ordumuzun və qəhrəman gənclərimizin qazandırdığını vurğulayaraq, fədakarlığın ən uca zirvəsindən və şəhidlərin xatirəsini qürurla yaşatmağın vacibliyindən bəhs edib.
Film nümayişindən sonra şəhidin anası Rəna Kərimova kövrək xatirələrini bölüşərək filmin ərsəyə gəlmə səbəbindən danışıb. O, övladını cəbhəyə yola salarkən son sözlərini deyə bilməməyinin nisgilini bu filmlə tamamladığını vurğulayıb: “İsmayıl müharibəyə yollananda mən digər analar kimi özümdə güc tapıb onu bağrıma basa bilmədim, son sözümü deyə bilmədim. Bu nisgil ürəyimdə qaldı. Biz İsmayılla həmişə birlikdə filmlərə baxırdıq. Düşündüm ki, ona hədiyyə edəcəyim ən gözəl əsər film olmalıdır. Elə bir film ki, onun qısa və parlaq ömrünü əks etdirsin, mənim ona son sözüm olsun”.
Xatırladaq ki, filmin quruluşçu operatoru Toğrul Qəhrəmanlı, montaj rejissoru Mirvüqar Abdulov, bəstəkarı isə Vüqar Məmmədzadədir.



