Əhməd Məsud: “Savaş hələ indi başlanır”
Hurriyyet.az xəbər verir ki, Əfqanıstanda “Taliban”a qarşı Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud Pəncşirin taliblərə qarşı müqavimətini dayandırmaq niyyətində olmadığını bildirib.
Məsud “Paris Matç” nəşrinə müsahibəsində deyib: “Biz döyüşü dayandırmağa hazırlaşmırıq. Burada, Pəncşirdə hələ hər şey təzə başlanır”.
Məsud “təslim olmaqdan söhbət gedə bilməz” deyib və taliblərin Pəncşir dərəsində müqavimətçiləri mühasirəyə aldığı xəbərini dezinformasiya adlandırıb.
Məsud taliblərlə danışıqların kapitulyasiya demək olmadığını qeyd edib: “Danışıqlar mümkündür. Bütün müharibələr zamanı danışıqlar aparılır. Lakin, təslim olmaq tam başqa bir şeydir. Təkrar edirəm: nə mən, nə də mənə tabe olan komandirlər təslim olmağa hazırlaşmırıq”.
Xəbər verdiyimiz kimi bu gün Taliban”ın nümayəndəsi Zabibullah Mücahid təşkilatın nəzarətində olmayan Pənçşir rayonunda döyüş ehtimalının az olduğunu bildirərək, tərəflər arasında danışıqlar aparıldığını, problemin yaxın zamanda həll olunacağını açıqlamışdı.