Əhmədov: “Qarabağ” özünə gəlir"
Avropa Liqasının qrup mərhələsində ikinci matçını keçirən "Qarabağ” "Hekken” üzərində qələbədən sonra xalların sayını altıya çatdırdı. Artıq Qurban Qurbanovun komandası Bundesliqa təmsilçisi "Bayer”lə eyni xal toplayıb və qrup liderliyi uğrunda bu iki komanda arasında mübarizə gedəcəyi gözlənilir.
Ağdam təmsilçisinin sabiq məşqçisi Elşad Əhmədov Qaynarinfo-ya açıqlamasında, "Hekken”lə oyundan sonra "Qarabağ”ın çıxışını dəyərləndirib.
"Qarabağ” demək olar ki, özünə gəlir. "Mölde” ilə, "Hekken”lə oyunlarda da gördük, komanda çatışmayan cəhətləri aradan qaldıra bilib. Sağ müdafiəçi mövqeyində problemlər vardı. Mateus Silva çox yaxşı görünür. Topu ayağında saxlaya bilən futbolçudur. Keyfiyyətlidir, çox güman ki, Veşoviçlə o, aralarında rəqabət yaradacaqlar. "Hekken”lə oyunda daha çox Medina ilə Yankoviç xoşuma gəldi. İsveçlilər yüksək səviyyəli olmasalar da, təhlükəli rəqib idilər. Kollektiv futbol oynayırdılar. "Qarabağ” özünə gəlir, çox güman ki, qrupdan rahat çıxa bilərlər”.
Əhmədov "Hekken”lə "Mölde”ni müqayisə edərkən norveçlilərin daha güclü olduğunu bildirib:
"Mölde”nin "Qalatasaray”ın oyununa baxmışdım. Həqiqətən hər iki oyunda gözəl oynamışdılar. Amma "Qarabağ” onlara imkan vermədi ki, "Mölde” həminki kimi oynasın. Həqiqətən də müdafiə mənasında "Qarabağ” çox gözəl oynadı. Tipik olaraq "Hekken”lə "Mölde” eyni komandalardır. Mənə görə isə norveçlilər daha güclüdür. Səviyyəli və keyfiyyətli futbolçuları var”.
Mütəxəssis "Qarabağ”ın "Bayer”lə iki oyunda bir xal qazanmasının böyük iş olacağını deyib:
"Bayer”in elə də çox oyununu görməmişəm. Onlarla oyunda bir xal bizim üçün çox gözəl olardı. İki oyuna bir xal götürsək, böyük şeydir”.
O, komandada hücumçu probleminin aradan qalxıb-qalxmaması ilə bağlı sualı belə cavablandırıb:
"Hücumçu problemi vardı. Amma Juninyo oynadıqca özünə gəlir. "9 nömrə” mövqeyində boşluq hiss olunurdu. Belə oyunda qol vurursa, deməli, Juninyo bu çatışmazlığı aradan qaldırır. Çox güman ki, uyğunlaşdıqdan sonra daha yaxşı olacaq. "Qarabağ”da belə hallarla çox qarşılaşmışıq. Müəyyən vaxtdan sonra futbolçular özlərinə gəlirlər”.
Səbuhi Həsənov