"Ehtiyac olsa, növbəti Zəfər Paradı Xankəndidə olacaq" - ARAZ ASLANLI
"Azərbaycan uzunmüddətli atəşkəs dövründə Ermənistanı və arxasındakı gücləri diplomatiya ilə başa salmağa çalışdı, lakin alınmadı"
"Azərbaycanın başlatdığı antiterror əməliyyatları zərurətdən, eləcə də beynəlxalq və milli hüquqdan qaynaqlanır, Ermənistanın və onu təhrik edən digər güclərin təxribatlarına cavab xarakteri daşıyır və regionda uzunmüddətli sülhün təmin edilməsinə xidmət edir. Regiondakı istənilən qeyri-müəyyənlik, istənilən təxribat potensialı (ömrü uzadılmaq istənən təxribatçı qruplar) sadəcə regionu təsirində saxlamaq və regionda daimi münaqişə ocaqlarına malik olmaq istəyən xarici güclərin maraqlarına xidmət edir. Onları yox etmək Azərbaycanın hüququdur". Hurriyyet.az xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı qeyd edib.
Siyasi ekspert bildirib ki, Azərbaycan uzunmüddətli atəşkəs dövründə Ermənistanı və arxasındakı gücləri diplomatiya ilə başa salmağa çalışdı, lakin alınmadı: "44 günlük müharibədə zəfər çaldı, Zəfər Paradı keçirdi, başa düşmədilər. Sonrasında quruculuq işləri gördü, proseslərin geri dönülməzliyinə dair mesajlar verdi, yenə başa düşmədilər. Təxribatlarına davam etdilər. İndi növbəti başasalma prosesi gedir. İstəsələr də, istəməsələr də prosesləri ifadə edən bir rəsm var, o da Zəfər Paradının rəsmidir! Ehtiyac olsa, növbəti Zəfər Paradı Xankəndidə olacaq. Allah ordumuzu qorusun! Allah Şəhidlərimizə rəhmət eləsin!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az