Əkrəm Həsənov: “Hakimlərin əvvəlki müstəqillikləri yoxdur, iş gedə-gedə bəzən deyirlər ki, “məsləhətləşməliyik””
“Təəssüf ki, məhkəmə sistemində hakimlərlə bağlı müsbətə doğru ciddi dəyişiklik yoxdur. Əksinə... Əvvəllər hakimlər daha müstəqil idilər, indi isə əvvəlki müstəqillikləri yoxdur. İş gedə-gedə bəzən deyirlər ki, “məsləhətləşməliyik”. Sanki hakimlərə tapşırıblar ki, gəlin, bizimlə məsləhətləşin. Yəni indi qərarlar daha "yuxarılarda" verilir...”
Hurriyyet.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
O bildirib ki, hakimlər məhkəmə sədrlərinə tabedirlər: “Hər məhkəmənin öz sədri var. İnkişaf etmiş ölkələrdə məhkəmə sədri texniki bir funksiyadır. Bir ildən bir hər hakim məhkəmə sədri olur. Onun işi texniki işlərdir, dəftərxana işlərini yoxlayır, məhkəmə binasının təsərrüfat işinə baxır və s. Bizdə isə məhkəmə sədrinə hakimlər baxdıqları işləri məruzə edirlər, onun sözünə baxırlar. Bunun özü kifayətdir. Məhkəmə sədri bəzilərindən pul alır, tapşırıq verir. Yaxud ona da "yuxarıdan" tapşırırlar. Bir sözlə, işlərə belə baxılır. Demirəm ki, bütün məhkəmələrimizdə sədrlər belədir. Əlbəttə, yox, istisnalar var, amma azdır. Məhkəmə qərarlarının vahidliyi yoxdur. Eyni işlərə tam fərqli-fərqli baxırlar. Cənab Prezident İlham Əliyev hələ 2018-ci ildə sərəncam, tapşırıq vermişdi ki, məhkəmə qərarları üzrə axtarış sistemi olmalı idi. İndiyə kimi yoxdur. Axtarış sistemi nədir? Eyni işləri axtarmaq, bu tip işlərə əvvəllər məhkəmlərin necə baxdığını bilmək... Bu halda artıq məhkəmələr qorxur. Bizdə isə eyni işə bir dəfə başqasının xeyrinə baxırlar, gələn dəfə digərinin xeyrinə. Halbuki eyni məsələdir. Bir dəfə pulu bundan alır, gələn dəfə o birindən... Bu, məhkəmələrin bir bəlası...”
Ə.Həsənov deyib ki, başqa bəla isə hakimlərin savadadır: “Özü də son vaxtlar təyin olunan hakimlər dəhşət savadsızdırlar. Çoxu! Bunu xüsusi deyirəm. Doğrudur, savadı harada öyrənsinlər? 33 ildir, müstəqilik, amma Azərbaycanda hüquq təhsilinin tələbələri üçün dərsliklər yoxdur. Əlbəttə, formal var, amma onlara “dərslik” demirəm. Heç nədir! Universitetlərdə dərs deyən müəllimlərin 80%-i nəinki dərs deyə bilmir, ümumiyyətlə, hüquqşünas deyillər. Hakimlərin də içində ikinci ali təhsil alanlar çoxdur. Xaricdə hansısa bilinməyən universitetləri bitiriblər. Bəzilərinin stajları kifayət qədər deyil, amma hakim təyin olunurlar. Savad, bilik yox. Təəssüf ki, belə işlər çoxdur. Son vaxtlar daha çox qadınları hakim təyin edirlər. Xüsusilə dəhşətdir. Mən bunu gender baxımından demirəm, inanın. Köhnə hakimlərin arasında kifayət qədər bilikli, savadlı qadınlar var. Amma yeni təyin olunanlar dəhşətdir. Bilmirəm ki, bunları hansı prinsiplə seçib göndərirlər. Aralarında yaxşıları var, amma əksəriyyət pisdir. Heç bilmirəm, hara doğru gedirik..."