Ekspert: "Azərbaycanla Qırğızıstan iqtisadi əməkdaşlığı artırır"
Qırğızıstan Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasında geniş əməkdaşlıq potensialını üzə çıxarmaq istiqamətində mühüm addımdır.
Hurriyyet.az bildirir ki, bunu “Report”a Qırğızıstan Respublikasının müstəqil siyasi tədqiqatçısı və təhlükəsizlik eksperti Nurbek Bekmurzayev bildirib.
“Ölkələrimiz arasında ticarət dövriyəsi 100 milyon dollardır ki, bu da dil və mədəniyyət, tarixi köklər baxımından bir-birinə yaxın olan Qırğızıstan ilə Azərbaycan kimi sosial və iqtisadi əməkdaşlıq üçün geniş potensiala malik ölkələr üçün cüzi rəqəmdir. Bu baxımdan səfər böyük əməkdaşlıq potensialını üzə çıxartmaq istiqamətində ilk və əsaslı addım kimi böyük əhəmiyyət daşıyır. Səfər zamanı imzalanmış strateji sənədlər əməkdaşlığı inkişaf etdirmək üçün çərçivə müəyyənləşdirərək onun istiqamətlərini də təyin edir. Bunlar ticarət, sərmayələr, təhsil layihələridir” – deyən ekspertin qənaətincə, imzalanmış sənədlər arasında ən mühümü Strateji Tərəfdaşlıq Bəyannaməsidir ki, iki dövlətin “niyyətlərinin ciddi olduğuna işarədir”.
“İmzalanmış sənədlərdən, iki ölkənin imkanları və qarşıya qoyduqları hədəflərə görə iqtisadi və sosial sahələrdə əməkdaşlıq daha da artırılacaq” – deyə qırğızıstanlı ekspert qeyd edib.
Azərbaycanın Qırğızıstan üçün yanacaq sürtkü məhsulları istehsalçısı olaraq həmin bazarı şaxələndirərək Rusiyadan asılılığı azaltması baxımdan əhəmiyyətli tərəfdaş olduğu qeyd edilib. Bununla yanaşı ekspert prezident Sadır Japarovun ölkəsinin mədən hasilat, su enerji, kənd təsərrüfatı kimi sektorlarına azərbaycanlı sahibkarları sərmayə yatırmağa çağırdığını da xatırladıb.