📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ekspert: “İran Zəngəzur məsələsində öz “iqtisadi diplomatiyasını” işə salmalıdır”

2022-10-14 15:58:00

Ekspert: “İran Zəngəzur məsələsində öz “iqtisadi diplomatiyasını” işə salmalıdır”

İranlı iqtisadi şərhçi Əli Nəvid “Anaj” saytına müsahibəsində Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqlarına toxunaraq deyib: “İran bu arada "iqtisadi diplomatiyasını" aktivləşdirməlidir”.
“Azərbaycan və Türkiyə Transxəzər planını tərtib etməklə İrandan başqa bir marşrut üzərindən Şərq-Qərb dəhlizi yaratmağa çalışır” deyən ekspert əlavə edib: “Çinin Xəzər dənizinə, oradan da Azərbaycan və Türkiyəyə və nəhayət, Avropaya marşrutunun birləşməsi İranın Şərq-Qərb dəhlizini praktiki olaraq aradan qaldıra bilər”.
“Araz” Azad İqtisadi Zonasının iqtisadi məsələlər üzrə müavini qeyd edib: “Təbii ki, İranın bu layihədən çıxarılması ilə yanaşı, bunun uzunmüddətli perspektivi də vurğulanmalıdır, burada İranın “iqtisadi diplomatiyasının” rol oynaması tələb olunur. Bundan əlavə, cənubdan şimala, qərbdən şərqə, cənubdan qərbə və İranın TRACECA tranzit dəhlizi kimi bir neçə dəhliz arxa plana düşəcək”.
İranın Şimal-Cənub dəhlizinin gücləndirilməsinə daha çox diqqət yetirməli olduğunu vurğulayan Nəvid deyib: “Rəşt-Ənzəli dəmir yolunun yaradılması illər çəkəcək. Amma mövcud dəhlizi Norduz sərhədi (İran-Ermənistan) vasitəsilə cənubdan Ermənistan və Tatarıstan üzərindən Avrasiyaya birləşdirir”.
İqtisadçı ekspert qonşu dövlətlərin yolların çəkilişi ilə bağlı yeni planının İran iqtisadiyyatı üçün təhlükə sayıldığını, lakin “hər bir təhlükənin fürsətə çevrilməli olduğunu” xatırladıb: “Zəngəzur dəhlizinin reallaşmasında bir neçə iradə vacib sayılır. Onlardan biri də MDB üzvləri kimi Ermənistan və Azərbaycanın təhlükəsizlik örtüyü rolunu oynayan Rusiyadır və heç də istisna edilmir ki, bəzi şərtlər daxilində Moskva bu dəhlizin reallaşmasına müsbət yanaşa bilər”.
O, Rusiya ilə münasibətləri həmişə maraqlar üzərində qurulmuş bir ölkə kimi Türkiyənin də fikrini vacib hesab edib: “Ermənistan da Qarabağı Azərbaycan ərazisi kimi tanımaq məsələsində göstərdi ki, təzyiq altında bəzi güzəştlərə gedə bilər”.
Zəngəzur dəhlizinin gerçəkləşməsində İranın da iradəsini “olduqca önəmli” hesab edən Əli Nəvid vurğulayıb: “Zəngəzur layihəsi reallaşacaqsa, regionda özümüz üçün yeni strategiya müəyyən etməliyik”.

Ülviyyə, Hurriyyet.az