Ekspert Orxan Musayev Böyük Britaniyanın nüfuzlu NEBOSH sertifikatını əldə etdi - Fotolar
Azərbaycanda təhlükəsizlik sahəsində apardığı maarifləndirmə işləri və media çıxışları ilə tanınan ekspert Orxan Musayev peşəkar fəaliyyətində mühüm nailiyyət qazanıb.
Hurriyyet.net xəbər verir ki, o, Böyük Britaniyanın əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində qlobal miqyasda ən nüfuzlu qurumu hesab olunan NEBOSH-un (National Examination Board in Occupational Safety and Health) “Beynəlxalq Ümumi Sertifikat” (International General Certificate – IGC) proqramını uğurla başa vuraraq beynəlxalq dərəcəli kvalifikasiya əldə edib.
Qeyd edək ki, Orxan Musayev ilk ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsində “Elektrik mühəndisliyi”, ikinci ali təhsilini isə ADNSU-nun Qaz-neft mədən fakültəsində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə alıb.
O, hazırda ölkənin metallurgiya sahəsində metal məmulatlarının istehsalı və satışı üzrə aparıcı müəssisələrindən olan “Unimetal” MMC-də Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit şöbəsinin rəhbəri vəzifəsində çalışır.
O. Musayev həmçinin aparıcı media qurumlarında və televiziya efirlərində sənaye və texniki təhlükəsizlik, istehsalat qəzalarının profilaktikası, eləcə də əməyin mühafizəsi məsələləri üzrə mütəmadi olaraq peşəkar ekspert rəyləri ilə çıxış edir.
Ekspert bildirib ki, bu növ qlobal sertifikatların qazanılması ölkəmizdə sənaye təhlükəsizliyi mədəniyyətinin ən qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması və yerli müəssisələrdə risklərin idarə olunması sisteminin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
