📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

EKSPERTLƏR "HƏYƏCAN TƏBİLİ" ÇALIR - Azərbaycanda narkotik istifadəçilərinin sayında ciddi artım müşahidə olunur

2021-07-13 10:56:00

EKSPERTLƏR

Emil Maqalov: “Bütün aidiyyəti qurumlara daha ciddi nəzarət olunmalı və narkotacirlərə verilən cəzalar artırılmalıdır”

Qubad İbadoğlu: “Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3 dəfə istifadədən sonra asılılıq yaradır”

Getdikcə narkomaniya dövrümüzün ən böyük bəlalarından birinə çevrilir. Narkotik maddələrdən asılı olan insanların sayı isə artmaqdadır. Hansı ki, son vaxtlar Azərbaycanda narkotikin, xüsusilə "pati” adı ilə tanınan metamfetaminin geniş yayılması haqda iddialar ortaya atılıb. Hətta vəziyyət o dərəcəyə çatıb ki, narko tacirlər sosial şəbəkələr vasitəsilə açıq şəkildə narkotik tərkibli maddələrin satışı ilə məşğul olurlar.

Məsələ ilə bağlı ictimaiyyət içərisində olan narazılıqlardan və mediada yayılmış xəbərlərdən sonra, kütləvi olaraq insanların ölümünə qol çəkən şəxslərin həbsini müşahidə edirik. Mütəxəssislərin fikrincə, kimyəvi uyuşdurucu istifadəçilərində digər narkomanlara nisbətən ölüm riski yüksək olsa da, müalicəsi tamamilə mümkünsüz deyil.

“Hürriyyət”in ötən saylarında narkotik vasitələrin Azərbaycana necə və hansı yollarla daxil olması haqda açıqlama vermişdik. Belə ki, sabiq DİN polkovniki, keçmiş polis rəisi Mahmud Hacıyevlə söhbətimizdə bu haqda suallarımıza cavab tapmağa çalışmışdıq. Mövzunun aktuallığını nəzərə alıb, ölkədə geniş yayılmış kimyəvi narkotiklərlə bağlı ekspertlərlə müzakirələri davam etdirdik.

Narkomaniya üzrə ekspert Emil Maqalov deyir ki, yeni çıxmış kimyəvi maddələrin fəsadları daha ağır olur: "Bir gəncin narkoman olmasına səbəb savadsızlıq, bu barədə məlumatsızlığı, qanunları pozmaq arzusu, asudə vaxtının düzgün təşkil edilməməsi və əsasən də düzgün mühitin olmamasıdır. Bunlar da bir gəncin narkoman olmasına gətirib çıxarır. Əslində, narkotik vasitələrin hamısı qorxuludur. Hazırda bu gün ən qorxulusu kimyəvi narkotiklərdir. Bunlar metomfetaminlərdir (“patı”lar və ya “şüşə” narkotiklər). Təbii, narkotiklər asıllılıq yaratsa da, asıllıqdan digər yollarla çıxmaq mümkündür. Yəni həmin şəxslərdə ağrılar olur, həmin ağrıları kəsməklə və müalicələrlə qarşısını almaq olur. Amma yeni çıxmış kimyəvi maddələrdən olan narkotik istifadəçilərinin müalicəsi yoxdur. Onların fəsadları daha ağır olur. Hazırda yay olduğuna görə, buna fürsət yaranıb.

Amma digər ölkələrə baxanda Azərbaycanda gənclər arasında narkotik istifadəçilərinin sayı o qədər də geniş yayılmayıb. Yəni Dağıstana, Gürcüstana, Ermənistana, Rusiyaya, İrana və Türkiyəyə baxdığımız zaman o qədər də geniş yayılmadığını görərik. Azərbaycanda həm milli-mənəvi dəyərlər, həm ailə dəyərləri və mentolitetimiz buna bir az da olsa kömək olur. Bu kimi dəyərlərimizin olması az da olsa qarşısını ala bilir. Əlbəttə, dövlətimizin və polisin bu istiqamətdə işi də əsas rol oynayır. Digər ölkələrə baxdıqda Azərbaycanda hələ ki, azlıq təşkil edir”.

Ekspert əlavə edib ki, narkomaniya ilə əlaqədar bütün aidiyyəti qurumlara daha ciddi nəzarət edilməli və narkotacirlərlə əlaqəli bütün cəzalar daha da artırılmalıdır: "Əvvəla onu qeyd edim ki, bildiyiniz kimi, narkomaniya ilə bağlı hər tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir. Ümumiyyətlə, insanlar niyə buna qoşulur? İlk qurşanan adamların sosial-mədəni statusu necə olub? Hansı şəraitdə ilk dəfə istifadə edib? Bu kimi narkomaniya ilə bağlı bir dənə də olsun sosioloji tədqiqat yoxdur. Hələ ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğul olanda narkomaniyaya risk azalır. Bəli, idmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Məsələn, Sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qrupları asosial insanların olduğunu nəzərə alıb, deyə və görə bilərik ki, narko istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb, təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır. Yəni narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gəncə keçməklə, müsbət nəticə, effekt olmayacaq.

Narko tacirlərin hər yolla külli miqdarda "pul qazanma" cəhdi bütün dünyada var və hələ ki, pulun gücünə onlar qalibdir. Ümumiyyətlə, narkomaniya ilə əlaqədar bütün aidiyyəti qurumlara daha ciddi nəzarət olunmalı və narkotacirlərlə əlaqəli bütün cəzalar daha da artırılmalıdır. Bunun üçün isə külli miqdarda vəsait və həqiqətən işində vicdanlı insanlar olmalıdır".

Azərbaycanda narkomaniya ilə bağlı ürəkaçan olmayan durum millətin və dövlətin təhlükəsizliyinə də təhdid yaradır. Vəziyyətin acınaqlı olması aidiyyatı qurumları hərəkətə gətirməli və problemdən çıxış yolu kimi dövlət proqramı hazırlanmalıdır. Tanınmış iqtisadçı Qubad İbadoğlu da sintetik uyuşdurucuların təbii şəraitdə yetişdirilən narkotik maddələrdən ucuz olduğunu xatırladaraq, təhlükənin ciddiliyinə diqqəti yönəldib: "İnsanı zombiyə çevirən sintetik tərkibli narkotik vasitələrdən istifadə edənlərin sayı durmadan artır, onların əksəriyyəti gənclərdir. Metamfetamin (istifadəçiləri arasında “şüşə” və ya “patı” kimi adlandırılan) narkotik psixostimulyatorlardan istifadənin populyarlığı onun ucuzluğu və  insan bədənində "müsbət" dəyişikliklər" yaratmaq gücü  ilə izah olunur. “Şüşə”dən və digər sintetik tərkibli uyuşduruculardan istifadə edənlər qısa müddətdə görünməmiş  "şüur aydınlığı"na, "gücə və aktivliyə" malik olurlar. Onun asılılığına düşənlər çox keçmədən bu maddənin xroniki uzunmüddətli istismarının yaratdığı problemləri bütün spektri ilə yalnız orqanizmində deyil, həm də şəxsiyyətlərində, hərəkət və davranışlarında hiss edirlər. Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3  dəfə istifadədən sonra asılılıq yaradır. Sintetik uyuşdurucuların müalicəsi təbii olanlara nisbətən daha çətindir. Belələrinə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Sintetik uyuşdurucu istifadəçilərində digər narkomanlara nisbətən ölüm riski yüksək olur. Sintetik uyuşdurucular təbii şəraitdə yetişdirilən narkotik maddələrdən ucuz olur. Ona görə də onun satış dövriyyəsi sürətlə genişlənir, istifadəçilərinin sayı durmadan artır. Əvvəllər xaricdən gətirilən sintetik uyuşdurucular hazırda daxildə istehsal olunur. Belə laboratoriyalar daha çox rayonlarda qurulur, şəbəkələnir və açıq şəkildə fəaliyyət göstərir".

YƏHYA

Redaksiyadan: Mövzunu davam etdirəcəyik.